Akademik Əfrand Daşdəmirovun 70 yaşı tamam olur
Okt 18, 2015 | 10:34 / Konfranslar, iclaslar
Oxunub 708 dəfə

Tanınmış filosof, Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Əfrand Daşdəmirovun 70 yaşı tamam olur.

Əfrand Firudin oğlu Daşdəmirov 12 mart 1942-ci ildə Bakıda anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmiş, 1968-ci ildə namizədlik dissertasiyası, 1977-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, 1973-cü ildə professor adını almışdır. 1991-ci ildən Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının professorudur.

O, milli münasibətlərdə nəzəri metodoloji problemlər, müasir dünyada etnosiyasi proseslər, milli mənsubiyyət problemləri, etnik müəyyənlik, fərdin vətənpərvərlik və beynəlmiləl tərbiyəsi, millətlərarası münasibətlərdə mədəniyyətin formalaşması ilə bağlı sosial fəlsəfi nəzəriyyələrin işlənib hazırlanması ilə bağlı tədqiqatlar aparmışdır.

Ə. Daşdəmirov son zamanlar etnik və geosiyasi zəmində yaranan etnosiyasi gərginliklərin və münaqişələrin təbiətinin tədqiqi ilə məşğuldur.

Daşdəmirov 200-dən artıq elmi işin, habelə 6 monoqrafiyanın müəllifidir. Onun 70-ci illərdə çap etdirdiyi “Milli münasibətlərin sosioloji strukturu” və “Şəxsiyyət və millət” monoqrafiyaları öz aktuallığını bugün də itirməmişdir. Alimin “Millət və cəmiyyət tarixin sərt dönəmlərində” adlı əsəri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Əfrand müəllim dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Federal Şurasının üzvü, Rusiyada çıxan “Azerros” qəzetinin yaradıcısıdır.

Azərbaycanın tanınmış alimini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015