AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 28 May - Respublika Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
May 28, 2021 | 13:50 / Yubileylər
Oxunub 101 dəfə

Hörmətli həmkarlar!

1918-ci il mayın 28-də Qafqazda mövcud gərgin ictimai-siyasi şəraitdə Azərbaycan Milli Şurası tərəfindən “İstiqlal Bəyannaməsi”nin imzalanması ilə müsəlman Şərqində ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuş oldu.

Cümhuriyyətin elan edilməsi xalqımızın əsrlərlə mövcud olmuş dövlətçilik ənənələrinin XX əsrin ilk onilliyində bərpası və eyni zamanda, tarixi torpaqlarımızda müstəqil milli dövlətimizin yaranmasının təcəssümü idi.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun hərbi dəstəyi ilə Bakı erməni-bolşevik işğalından azad edilmişdir ki, bu da Azərbaycan-Türkiyə qardaşlığının tarixi nişanələrindən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində millətindən, dinindən, sinfindən, irqindən, cinsindən asılı olmayaraq ölkə ərazisində yaşayan bütün vətəndaşların hüquqlarını təmin etmiş, sözügedən bəşəri dəyərlər Cümhuriyyətin “İstiqlal Bəyannaməsi”ndə də öz əksini tapmışdır.

Qısa müddət ərzində AXC Hökuməti zəngin dövlət quruculuğu işləri həyata keçirmiş, nizami ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan olunmuş, Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, müsəlman Şərqində qadınlara ilk dəfə seçki hüququ verilmiş, Bakı Dövlət Universitetinin əsası qoyulmuş, 100-ə yaxın tələbə xaricdə ali təhsil almağa göndərilmiş, ölkə ərazisində səhiyyə ocaqları yaradılmış, mədəniyyət, o cümlədən milli mətbuat canlanmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərə də ciddi önəm vermiş, Birinci Dünya müharibəsindən sonra çağırılan Paris Sülh Konfransına nümayəndə heyəti göndərmiş, nəticədə Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasına nail olunmuş, bir çox ölkələrdə qarşılıqlı səfirlik və nümayəndəliklər açılmış, müqavilələr, sazişlər bağlanılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşeviklərin hərbi təcavüzü nəticəsində süquta uğradılsa da, həyata keçirdikləri dövlət əhəmiyyətli tədbirlər və sönməz ideyaları ilə xalqımızın sovet dövründə azadlıq və istiqlal eşqini gücləndirmiş, gələcək müstəqilliyimizin təməlini qoymuşdur.

Nəhayət, 1991-ci ildə ölkəmiz yenidən dövlət müstəqilliyini bərpa etmiş, Cümhuriyyətin qurucuları və ideyaları geniş şəkildə tədqiq olunmuş, dövlətimiz və xalqımız tərəfindən öz layiqli dəyərini almışdır.

Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmiş, Cümhuriyyətin 100-cü ili həm respublikamızda, həm də Azərbaycanın hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunmuşdur.

Bu il isə 28 May - Respublika Gününü xalqımız daha qürurlu şəkildə, qalib xalq kimi qeyd edir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qarabağımızın düşmən işğalından azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmiş oldu.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində orijinal nüsxələri AMEA-nın Milli Azərbaycan Tarix Muzeyində saxlanılır, həmçinin Akademiyanın bir çox elmi müəssisə və təşkilatlarında alimlərimiz tərəfindən AXC-nin qurucuları, qəbul etdiyi sənədlər, beynəlxalq əlaqələri və rəsmi yazışmaları tədqiq olunaraq kitab və monoqrafiya halında ictimaiyyətə təqdim edilir.

Dəyərli Akademiya əməkdaşları, Sizi Respublika Günü münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015