Foto
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib
Yan 17, 2019 | 01:19 / Konfranslar, iclaslar
Oxunub 265 dəfə

Yanvarın 17-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şuranın üzvləri iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyəti və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Alim ölkədə aparılan elmi-tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək baxımından şuranın fəaliyətinin səmərəli olacağını bildirib. O, gələcəkdə kvant fizikası, nanostruktur və nanotexnologiyalar, riyazi iqtisadiyyat,  biotibb və digər bu kimi multidissiplinar elm sahələrini koordinasiya edən şuraların yaradılmasının məqsədəuyğun olduğunu deyib.

İclasda “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə dair məsələyə baxılıb. Bununla bağlı AMEA-nın bir sıra təkliflər irəli sürdüyünü deyən akademik A.Əlizadə sözügedən Sərəncamda elmin idarə olunması ilə əlaqədar qarşıya qoyulmuş məsələlərin əsasən elektron elmə aid olduğunu bildirib. O, bu istiqamətdə kompleks tədbirlərin yüksək keyfiyyətdə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin sadələşdirilməsi, plagiatlıqla bağlı zəruri normativ-hüquqi bazanın yaradılması, koordinasiya sisteminin təkmilləşdirilməsi, dissertasiya mətnlərinin orijinallığını qiymətləndirməyə imkan verən şəffaf fəaliyyət sistemin yaradılması və s. təkliflərin irəli sürüldüyünü nəzərə çatdırıb.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsasnaməsi haqqında məlumat verən AMEA rəhbəri qeyd edib ki, biz fəaliyyətimizi bu sənəddə müəyyən olunan hüquq və vəzifələrin əsasında qurmalıyıq.

Alim respublikada fəaliyyət göstərən 140-a yaxın elmi qurumda aparılan tədqiqatlarla bağlı fikirlərini də bölüşərək bildirib ki, müəssisələrdə aparılan araşdırmalar müasir dünya elminin tələblərinə cavab verməli, multidissiplinar xarakter daşımalı və hər bir qurum innovativ elmin inkişafına öz dəstəyini göstərməlidir.

A.Əlizadə son dövrlərdə AMEA-da elmi qurumların deyil, böyük layihələrin maliyyələşdirildiyini və bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun ölkənin təhsil müəssisələri ilə inteqrasiyası nəticəsində səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulduğunu, birgə tədqiqatların həyata keçirildiyini bildirib.

AMEA rəhbəri çıxışının sonunda elmi fəaliyyətlə məşğul olan müəssisələrlə koordinasiyanı gücləndirməyin vacibliyini vurğulayıb, alim və mütəxəssislərə bu prosesdə fəal iştirak etməyi tövsiyə edib.

Daha sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ölkəmizdə elektron elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. R.Əliquliyev Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar barədə məlumat verərək, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsindən danışıb. Məruzəçi bildirib ki, e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır.

İclasda AMEA-nın təkliflərinin nəzərə alınması və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilməsinə dair qərar qəbul edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ elmi problemlər üzrə elmi şuraların təşkili ilə bağlı olub. Bildirilib ki, ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, elmi tədqiqatların maliyyələşdirilməsi mexanizimlərinin təkmilləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi əsas vəzifələr kimi Əlaqələndirilmə Şurasının qarşısına qoyulub. Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qərar qəbul edib. Qərara əsasən, Əlaqələndirmə Şurasının fəaliyyət planının, elmi problemlər üzrə elmi şuraların yaradılması ilə bağlı təkiliflərin işlənib hazırlanması istiqamətində bir sıra tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan alimlərinin II qurultayının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirib ki, 2014-cü il dekabrın 19-da Azərbaycanda və regionda ilk dəfə olaraq Azərbaycan alimlərinin I qurultayı keçirilib. A.Əlizadə qeyd edib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq növbəti qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq.

İclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan alimlərinin II qurultayının bu ilin noyabr ayında keçirilməsini qərara alınıb. Həmçinin, tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib. Sonda elm gününün keçirilməsi məsələsi müzakirə olunub. AMEA prezidenti ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması məqsədilə dövlət başçısı İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamını xatırladıb. Bu ilin 27 mart tarixində ilk dəfə olaraq ölkədə "Elm günü"nün qeyd olunacağını bildirib. Əlavə edib ki, əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası 27 mart Elm gününün keçirilməsinə dair Tədbirlər planını təsdiq edib və müvafiq tapşırıqlar verib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva çıxış edərək dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsinin vacibliyindən danışıb. Alim bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür.

Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən F.Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib. Bildirib ki, elmi rəhbərlər bu mərhələyə xüsusi diqqətlə yanaşmalıdırlar.

O, dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün müəyyən olunan meyarlar haqqında da danışıb. F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonra Səhiyyə naziri Oqtay Şirəliyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil nazirinin müavini Firudin Qurbanov, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və başqaları çıxış edərək Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, elmi müəssisələr arasında səmərəli koordinasiya sisteminin təmin edilməsi barədə təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015