Milli Azərbaycan Tarixi Muzeyində yeni avadanlıqların təqdimatı keçirildi
Okt 16, 2015 | 05:21 / Konfranslar, iclaslar
Oxunub 852 dəfə

Iyunun 19-da AMEA Milli Azərbaycan Tarixi MuzeyindəAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlığın təqdimatı keçirildi.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AR Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək yeni avadanlıq və qurğulardan danışaraq, onların muzeylərin inkişafına verəcəyi töhfələrdən danışdılar.

Bildirildi ki, bu avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonradan bərpasına geniş imkanlar yaradacaq.

Qeyd edildi ki, ən müasir tələblərə cavab verən yeni avadanlıq və qurğular müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B.F.LLİ Bertoncello” şirkətinin istehsal etdiyi Proxima mikroqaynaq cihaz dəsti, İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultrasəs təmizləyici vannası, həmin şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezoelektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsal etdiyi eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərində hazırlanmış qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular vardır.

Mərasimdən sonra alınmış avadanlıqlara baxış keçirildi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015