Filologiya problemləri üzrə elmi şuranın 2019-cu il üçün 3-cü iclası keçirilmişdir
Mart 18, 2019 | 02:20 / Konfranslar, iclaslar
Oxunub 499 dəfə

2019-cu il mart ayının 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi və şuranın sədr müavini fil.ü.e.d., prof. Əskər Rəsulov, şuranın katibi fil.ü.e.d., prof. Aida Qasımova, şuranın üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, Fəridə Əzizova, İmamverdi Həmidov, Hüseyn Həşimli, Qəzənfər Kazımov, Mehdi Kazımov, Rəhilə Qeybullayeva, Azadə Musayeva, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Qorxmaz Quliyev, Nadir Məmmədli, Qulu Məhərrəmli, Fəxrəddin Veysəllinin iştirakı ilə Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti iclası keçirilmiş və 6-sı elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 29 nəfər sənəd təqdim etmiş şəxsin mövzuları müzakirə olunmuşdur. 
Elmlər doktoru hazırlığı proqramı üzrə Azərbaycan Dillər Universitetinin dissertantı Əliyev Mehman Qaraxan oğlunun “Müstəqillik dövrü Azərbaycan nəsrinin bədii-estetik özünəməxsusluğu və inkişaf istiqamətləri” mövzusu əvvəlki iclaslarda müzakirə edilib dəyişiklik aparıldığından yeni plan-prospekti məqbul sayılaraq qeydə alınmışdır.
Elmlər doktoru hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş digər şəxslərdən Bakı Dövlət Universitetinin doktorantı İsmayılzadə Nigar Qüdrət qızının “XIV-XVI əsrlər türk təsəvvüf ədəbiyyatında ilahi eşq” mövzusu “XIV-XVI əsrlər türk poeziyasında ilahi eşq” kimi, AMEA Naxçıvan Bölməsinin doktorantı Məmmədov Elxan Qadir oğlunun “Azərbaycan xalq lirikasında obrazlar sistemi (Naxçıvan və Şərqi Anadolu materialları əsasında)” mövzusu isə “Naxçıvan və Şərqi Anadolu xalq poeziyasında obrazlar sistemi” şəklində təsdiq edilmişdir. 
Azərbaycan Dillər Universitetinin dissertantı Əsədzadə Rasimə Fərhad qızının “Müasir ədəbiyyatda bədii obyektivləşdirmənin etik və estetik formaları” mövzusu ixtisas indeksinə uyğun olmadığından, Bakı Slavyan Universitetinin doktorantı Qulamova Zəhra Yunis qızının “Müasir rus və Azərbaycan media diskursunda “zaman” konsepti” mövzusu oxşar mövzunun daha əvvəl araşdırılması səbəbilə qeydə alınmadı. 
AMEA Naxçıvan Bölməsinin doktorantı Rzayeva Çinarə Vaqif qızının “Azərbaycan folklorunun leksik-kulturoloji təhlili təcrübəsi (Naxçıvan folkloru materialları əsasında)” mövzusunda qoyulmuş problem daha əvvəl müdafiə olunmuş mövzunun istiqaməti ilə üst-üstə düşdüyündən təsdiq edilmədi. 
Fəlsəfə doktorluğu proqramı üzrə sənədlərini təqdim edən, daha əvvəlki iclaslarda mövzuları müzakirə edilmiş və lazımi tövsiyyələr və dəyişiliklər aparılmış şəxslərdən Bakı Slavyan Universitetinin doktorantı Ağayeva Nigar Ağadda qızı üçün “XX əsr Azərbaycan nəsrində yuxu motivi”, Azərbaycan Dillər Universitetinin dissertantı Rüstəmov Qismət Elçin oğlu üçün “Cefri Yevgenides və Conatan Safran Foyerin nəsrində identiklik axtarışları”, Bakı Dövlət Universitetinin doktorantı Mahmudbəyli Mətanət Mahmud qızı üçün “Mir Cəlal yaradıcılığında folklor motivləri” mövzuları qeydə alınmışdır. 
Eyni zamanda fəlsəfə doktorluğu üzrə mövzuları müzakirə edilmiş şəxslərdən Naxçıvan Dövlət Universitetinin dissertantı Cəfərova İsmət Allahverdi qızının “İngilis ədəbiyyatında sentimentalizmin təşəkkülü və inkişaf xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin doktorantı Əlibəyli Nəsrin Həsən qızının “Dildə “səyahət” konseptinin koqnitiv təhlili”, Naxçıvan Dövlət Universitetinin dissertantı Əlisoy Həsən Hüseyn oğlunun “Sosio-mədəni və kommunikativ yanaşmada dil mövcudluğu formaları”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq doktorantı İsmayılova Təranə Söhrab qızının “Azərbaycan dili nitq etiketləri sisteminin ideya-stilistik tədqiqi təcrübəsi”, Bakı Avrasiya Universitetinin doktorantı İsrafilli Türkanə Abbas qızının “Birbaşa cavabdan yayınma strategiyasına xidmət edən kommunikativ vasitələr”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Xansultanov Akif Bəkir oğlunun “Aşıq Məhəmməd Sadaxlının həyatı və yaradıcılığı”, Gəncə Dövlət Universitetinin doktorantı Qurbanova Samirə Arif qızının “Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı və əsərin ingilis dilinə tərcüməsində intertekstuallıq”, Azərbaycan Dillər Universitetinin dissertantı Məmmədova Esmira Əbülfət qızının “XX əsr Azərbaycan dilçiliyində türkologiya problemləri”, Azərbaycan Dillər Universitetinin doktorantı Məmmədova Səbinə Sumqayıt qızının “Müasir ingilis dilində təhriklik ifadə edən sual cümlələrinin semantik-praqmatik xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetinin doktorantı Mirzəyeva Sevinc Rza qızının “Azərbaycan ədəbiyyatında Mirzə Ələkbər Sabir obrazı”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Salamova Zeynəb Seyfər qızının “Dildə “gözəllik” konseptinin leksik-semantik sahəsi”, Bakı Dövlət Universitetinin dissertantı Səmədova Sanurə Sahib qızının “İsa Muğanna yaradıcılığında reallıq və şərti metaforizm”, Gəncə Dövlət Universitetinin dissertantı Tağıyeva Könül Arzu qızının “Azərbaycan dilində qrammatik elementlərin derivativ funksiyası” mövzuları adlarında dəyişiklik edilmədən qeydə alınmışdır. 
AMEA Naxçıvan Bölməsinin doktorantı Eminova Aysel Əziz qızının “Naxçıvanın şimal-qərb bölgəsinin (Şərur, Kəngərli, Sədərək rayonları) etnotoponimlərinin struktur-semantik xüsusiyyətləri” mövzusu “Naxçıvanın şimal-qərb bölgəsi etnotoponimlərinin struktur-semantik xüsusiyyətləri” kimi, Azərbaycan Dillər Universitetinin dissertantı İsayeva Səfurə İlqar qızının “Müxtəlifsistemli dillərdə qənaət və izafilik” mövzusu və Bakı Slavyan Universitetinin doktorantı Rəhimova Sərinə Fikrət qızının “Cümlə üzvü vəzifəsində işlənən predikativ sintaktik konstruksiyalar” mövzusu iddiaçıların ixtisaslarına uyğunlaşdırılması məqsədi ilə müvafiq olaraq “Dildə qənaət və izafilik problemi” və “Azərbaycan dilində cümlə üzvü vəzifəsində işlənən predikativ sintaktik konstruksiyalar” kimi təsdiq edilmişdir. 
Bakı Dövlət Universitetinin dissertantı Hüseynova Cəmalə Fərhad qızının “Nitq aktlarının praqmatik və koqnitiv xüsusiyyətləri” mövzusu təsdiq edilərək iddiaçıya işin plan-prospektini bir qədər də təkmilləşdirmək tövsiyyə edildi.
Azərbaycan Dillər Universitetinin dissertantı Yadigarova Aytən Ağamirzə qızının “İ.Əliyev və Azərbaycan dili və dilçiliyinin inkişaf konsepsiyası” mövzusu “Prezident İlham Əliyevin dövlətçilik siyasətində Azərbaycan dili və dilçiliyinin inkişaf konsepsiyası” kimi qeydə alınmışdır.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin doktorantı Bədəlova Aynur Zahir qızının “Lev Tolstoy psixologizmi 1960-1980-cı illər Azərbaycan nəsrində” mövzusu doktorantın ixtisas indeksinə uyğun olmadığından qeydə alınmadı. Azərbaycan Dillər Universitetinin dissertantı Əsgərov Hüseyn Həsən oğlu “Azərbaycan, erməni və ingilis dillərində feilin zamanlarının qrammatik və üslubi xüsusiyyətləri” mövzusu “Azərbaycan dilinin erməni ədəbi dilinə və dialektlərinə təsiri” kimi dəyişdirilərək yeni plan-prospekt işlənməsi tövsiyyə edildi və təsdiqi növbəti iclasların birinə saxlanıldı. 
Beləliklə, iclasda müzakirə edilən 29 mövzudan 6-nın adında dəyişiklik edilməklə ümumilikdə 24 mövzu qeydə alınmışdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015