Foto
Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şuranın 2019-cu il üçün ilk iclası
Yan 18, 2019 | 11:53 / Konfranslar, iclaslar
Oxunub 225 dəfə

 

2019-cu il yanvar ayının 17-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində akademik Rafael Hüseynovun sədrliyi və şuranın sədr müavini fil.ü.e.d., prof. Əskər Rəsulov, şuranın katibi fil.ü.e.d., prof. Aida Qasımova və şuranın digər üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, İmamverdi Həmidov, Bilal İsmayılov, Qəzənfər Kazımov, Mehdi Kazımov, Paşa Kərimov, Rəhilə Qeybullayeva, Qulu Məhərrəmli, Nadir Məmmədli, Cəlil Nağıyev, Seyfəddin Rzasoy, Fəxrəddin Veysəllinin iştirakı ilə Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün ilk iclası keçirilmiş və 7-si elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 30 nəfər sənəd təqdim etmiş şəxsin mövzuları müzakirə olunmuşdur. 
Elmlər doktoru hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət edənlərdən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı Eyvazova Könül İmran qızının “Əhməd əl-Qalqaşandinin “Sübh əl-aşə” əsərində katiblik sənəti və linqvo-poetik məsələlər”, Bakı Slavyan Universitetinin dissertantı Məhərrəmova-Ağayeva Güney Asif qızının “XX əsrin sonu-XXI əsrin əvvəlində Bakının rus və Azərbaycan nitqi: linqvokulturoloji aspekt”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı Yigitoğlu Nəzmiyyə Ağəli qızının “Azərbaycan ədəbiyyatında qaçqın və köçkünlük faciəsi” adlı mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınmışdır. 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Gül Ətrabə Bayram qızının mövzusu “Təbiətlə bağlı simvollar intertekstual kontekstdə (Azərbaycan və ingilis ədəbiyyatları əsasında)” əvəzinə “Təbiətlə bağlı simvollar intertekstual kontekstdə” şəklində, Azərbaycan Dillər Universitetinin dissertantı Yusifova Tünzalə Vəli qızının “Konseptual mənanın strukturlaşdırılması modelləri (ingilis dili materialları əsasında)” mövzusunun adında kiçik dəqiqləşdirilmə aparılaraq “Konseptual mənanın strukturlaşma modelləri (ingilis dili materialları əsasında)” kimi təsdiq edilmişdir. 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Xudiyeva Mətanət Mirzəxan qızının “XX əsrin əvvəlləri Azərbaycan romantik poeziyasının dil-üslub xüsusiyyətləri” mövzusunun plan-prospekti mövzunu tam əhatə etmədiyindən, mövzu mühüm elmi problem kimi formalaşdırılmadığından, bu dövrə aid əsas simaların irsinin elə bu baxımdan artıq araşdırılmış olması səbəbindən, tədqiqat hədəfinin bu şəkildə təqdiminin elmlər doktorluğu dissertasiyası üçün bəsit sayılması üzündən təsdiq edilmədi. Eyni zamanda Bakı Dövlət Universitetinin doktorantı Nəbiyeva Almara Vəzir qızının “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” mövzusuna artıq işlənməkdə olan oxşar mövzu olduğundan araşdırma istiqamətin dəyişdirilməsi tövsiyyə edildi və dəqiqləşdirlmələr aparıldıqdan sonra növbəti yığıncaqlarda yenidən baxılması qət olundu. 
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzuları müzakirə edilmiş şəxslərdən Azərbaycan Dillər Universitetinin dissertantı Xəlilova Rəna Kamil qızının “İngilis dilində dəniz və dənizçiliklə bağlı frazeoloji vahidlərin linqvistik xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin dissertantı Hacıyeva Sürəyya Qəzənfər qızının “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin sinonimliyi”, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Şimiyeva Könül Məmmədəli qızının “Səadullah əl-Bərdəinin “Hədaiqu-d-dəqaiq” əsərində ərəb dilçiliyi məsələləri”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Abbasova Kəlamə Əjdər qızının “Nemətullah ər-Ruminin «Lüğəti-Nemətullah» əsərinin tekstoloji tədqiqi”, Azərbaycan Dillər Universitetinin dissertantı Məmmədova Günay Aqil qızının “İngilis dilinin Amerikan variantının regional və sosial dialektləri”, Azərbaycan Dillər Universitetinin dissertantı Məmmədova Aytən Arif qızının “Norveçin regional dialektlərinin linqvistik xüsusiyyətləri və onların ədəbi dildən fərqli cəhətləri”, Gəncə Dövlət Universitetinin dissertantı Nəsibova Gülnarə Şaməddin qızının “İlkin leksik-semantik söz qruplarının linqvistik təkamülü”, Azərbaycan Dillər Universitetinin dissertantı Putayeva Elnarə Eldar qızının “Amerikan ingiliscəsində linqvokulturoloji variativlik”, Azərbaycan Dillər Universitetinin doktorantı Rüstəmli Aytac Mehman qızının “Fərhad Zeynalovun türkoloji görüşləri” mövzuları adlarında dəyişiklik edilmədən qeydə alınmışdır. 
Qeyd edək ki, bu movzuların bir qismi əvvəlki iclaslarda müzakirə olunmuş, lazımi tövsiyyələr verilərək dəyişikliklər aparılmışdı. 
Azərbaycan Dillər Universitetinin doktorantı Cumayeva Leyla Arif qızının “Konseptual inteqrasiyanın ingilis dili mətnlərinin anlanmasında rolu” mövzusunda dəqiqləşdirmə aparılmış və “İngilisdilli mətnlərdə konseptual inteqrasiya” kimi, Bakı Slavyan Universitetinin doktorantı Əliyeva Könül Əhəd qızının mövzusu “Azərbaycan və ingilis linqvokulturologiyasında xüsusi adların termin kimi işlənməsi” əvəzinə “Azərbaycan və ingilis dillərində xüsusi adların terminləşməsi” şəklində, Bakı Slavyan Universitetinin dissertantı Əliyeva Xuraman Ağasalam qızının mövzusu bir qədər konkretləşdirilərək “Mətnin məna quruluşunda dil vahidlərinin qarşılıqlı əlaqəsi (alman və Azərbaycan dilləri materialı əsasında)” əvəzinə “Azərbaycan və alman mətnlərində dil vahidlərinin qarşılıqlı əlaqəsi” kimi, Bakı Dövlət Universitetinin dissertantı İbrahimov Eldost İldırım oğlunun “Fars mənşəli elementlərin hind dillərinin söz yaradıcılığında rolu” mövzusu daha konkret dil müəyyənləşdirilərək və iddiaçının peşəkar səriştələri nəzərə alınaraq “Fars mənşəli elementlərin urdu dillinin söz yaradıcılığında rolu” şəklində, Azərbaycan Dillər Universitetinin doktorantı Qurbanova Səidə Sədi qızının “İngilisdilli yazışmalarda «nəzakət» konseptinin ifadə vasitələri (iqtisadi diskurs materialları əsasında)” növzusu dəyişidirilərək “İngilisdilli iqtisadi yazışmalarda “nəzakət” konseptinin ifadə vasitələri”, Azərbaycan Universitetinin dissertantı Məmmədova Könül Surxay qızının “Sarı Aşığın poetik irsi” mövzusunun predmeti bir qədər də genişləndirilərək “Sarı Aşığın poetik irsi və ədəbi obrazı” kimi, Gəncə Dövlət Universitetinin dissertantı Məmmədova Günay İlqar qızının “Müxtəlifsistemli dillərdə affiksal elementlərin müqayisəli təhlili (Azərbaycan və ingilis dillərinin materialları üzrə)” mövzusu “Azərbaycan və ingilis dillərində affiksal elementlərin müqayisəli təhlili” şəklində təsdiq edilmişdir.
Bakı Dövlət Universitetinin dissertantı Əliyeva Esmira Kərəm qızının “Elektron mediada jurnalistin yaradıcılıq prinsipləri” və Azərbaycan Dillər Universitetinin dissertantı Məmmədova Esmira Əbülfət qızının “XX əsr Azərbaycan dilçiliyində türkologiya problemləri” mövzularına daha konkret problem qoyulması tövsiyyə edilərək təsdiq edilmədi. 
Lənkəran Dövlət Universitetinin dissertantı İsmayılova Esmira Xəlil qızının “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyası” mövzusu daha artıq problemləşdirilərək və əhatəsi genişləndirilərək “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” kimi formalaşdırılaraq iddiaçıya növbəti iclasadək buna uyğun plan-prospekt hazırlamaq məsləhət görülmüşdür. 
Dissertantın iclasda iştirak etməməsi səbəbindən Naxçıvan Dövlət Universitetinin dissertantı Məmmədova Aynur Akif qızının “Ceyn Ostin romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunun müzakirəsi növbəti iclasların birinə saxlanıldı. 
Bakı Slavyan Universitetinin dissertantı Məmmədova Fərqanə Fizuli qızının “Azərbaycan dilində vasitəsiz nitq aktı” mövzusu və Azərbaycan Dillər Universitetinin dissertantı Yadigarova Aytən Ağamirzə qızının “İlham Əliyev və Azərbaycan dilçiliyinin inkişaf konsepsiyası” mövzusunun plan-prospekti qənaətbəxş olmadığından təkrar işləməsi tövsiyyə edilərək hər iki mövzunun sonrakı iclasların birində təsdiq edilə biləcəyi qərara alındı. 
Bakı Slavyan Universitetinin doktorantı Məmmədsoy Rövşən Rahib oğlu “Boris Pasternakın əsərlərinin Azərbaycan dilinə tərcüməsi poblemi” mövzusu isə doktorantın ixtisas indeksinə uyğun gəlmədiyindən qeydə alınmadı.
İclasda 10 mövzunun adında dəyişiklik edilməklə və 12-si olduğu kimi saxlanılmaqla ümumilikdə 22 mövzu qeydə alınmışdır. 8 mövzu isə məqbul sayılmamışdır.

nizamimuseum.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015