AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
Noy 07, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 348 dəfə

Hörmətli həmkarlar!

Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qızıl dövrü, Ulu Öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsi, Prezident İlham Əliyevin Ali Baş Komandanlıq məharətinin bütün dünyaya nümayişi, ordumuzun zəfər yürüşü, xalqımızın özünə qayıdışı, heç zaman unudulmayacaq qəhrəmanlıq salnaməmizdir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun dövlət başçısı mahir diplomat, qüdrətli sərkərdə, böyük siyasətçi kimi yüksək dəyərlərə malik, gələcəyi düzgün müəyyən edə bilən, hər şeyi bütün detallarına kimi hesablayan, millətinin, dövlətinin maraqlarını daim uca tutan və təmin edən Lideri vardır. Məhz cənab Prezidentin bu ali keyfiyyətləri, onun respublika iqtisadiyyatının inkişafına xüsusi diqqət yetirməsi və bundan irəli gələrək ölkənin müasir texnologiyalarla silahlanmış modern ordusunun qurulması, azərbaycançılıq ideyasını qəlbində rəhbər tutan gənc vətənpərvər nəslin yetişdirilməsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artaraq söz sahibi ölkələrdən birinə çevrilməsi, Qərbin enerji təhlükəsizliyində aparıcı rol oynaması və buna paralel olaraq Şərq dövlətləri ilə qurulan dostluq və əməkdaşlıq münasibətləri Müzəffər Ali Baş Komandanın xalqımıza bəxt etdiyi tarixi Zəfərin baş tutacağına böyük inam var idi. Eyni zamanda ölkəmizdə Prezident-xalq-ordu birliyinin möhtəşəm həmrəyliyi, siyasi sabitliyin təmin edilməsi, xalqın dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşməsi xüsusi əhəmiyyətə malikdir və bütün bunlar Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyaları işığında yaradıcılıqla həyata keçirdiyi siyasi liderlik fəaliyyətinin böyük bəhrəsidir.

Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında məharətlə hazırlanmış “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə düşmənin 30 illik istehkamlarını dağıdaraq şəhər, qəsəbə və kəndlərimizi qarış-qarış işğaldan azad edərkən dövlət başçısı, eyni zamanda diplomatiya meydanında da bütün çətinliklərə sinə gərmiş, xarici KİV nümayəndələrinin təxribatçı suallarına peşəkar strateq kimi qəti cavab verməklə dövlətimizin maraqlarını təmin etmişdir.

Vətən müharibəsində qardaş Türkiyənin və Pakistanın siyasi-mənəvi dəstəyi də unudulmazdır. Məhz ölkə başçısının vurğuladığı kimi, Türkiyə Prezidentinin müharibənin ilk saatlarında dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

Artıq iki ildir ki, müqəddəs üçrəngli bayrağımız düşməndən azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Dövlət başçısının rəhbərliyi altında Qarabağa Böyük Qayıdış üçün geniş quruculuq işləri uğurla davam etdirilir. Ötən iki il ərzində Şuşada Xarıbülbül Musiqi Festivallarının, Vaqif Poeziya Günlərinin keçirilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəyovun heykəlinin, Füzuli-Şuşa “Zəfər yolu”nun, Ağdamda Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılması, Ağalı sakinlərinin öz dədə-baba yurdlarına köçürülməsi, dəmiryol xətlərinin, tunellərin çəkilməsi, məscidlərin, memarlıq abidələrinin bərpa edilməsi, məktəblərin, zavodların, sənaye parklarının, elektrik stansiyalarının, radio-televiziya yayım stansiyalarının, mehmanxana və otellərin tikilməsi, kəndlərin təməllərinin atılması bir daha göstərir ki, xalqımızın Böyük Qayıdışı uğurla və böyük qətiyyətlə həyata keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də bu prosesdə yaxından iştirak edir və elmimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün məsuliyyətlə çalışırlar. Bu gün AMEA-da Vətən müharibəsi, ona aparan yol, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, Qarabağ və Zəngəzurun tarixi, arxeologiyası, etnoqrafiyası, dialektologiyası, ədəbiyyatı, mədəniyyəti, memarlığı və s. istiqamətlərdə geniş tədqiqatlar aparılır, kitablar, monoqrafiyalar, dissertasiya işləri yazılır, gələcək nəsillərə çatdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Hörmətli Akademiya əməkdaşları, Sizi böyük Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, qalib bir xalqın nümayəndəsi kimi cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015