AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirilib
Mart 15, 2022 | 17:00 / Görüşlər
Oxunub 854 dəfə

14 mart 2022-ci il tarixində AMEA-nın Rəyasət Heyətində görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, AMEA-nın vitse-prezidentləri - İsa Həbibbəyli, Rasim Əliquliyev, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və başqaları iştirak ediblər.

AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. O, hazırda respublikada həm elmi fəaliyyət sahəsində, həm də ümumilikdə Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında olduqca mühüm vəzifələrin dayandığını qeyd edib. Bu vəzifələr bir tərəfdən sürətlə dəyişməkdə olan müasir dünyanın qlobal çağırışları, digər tərəfdən isə ölkənin yeni reallıqları, inkişaf perspektivləri ilə şərtlənir. Zəngin elmi ənənələrə, elmi potensiala malik Akademiyanın dövlətin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. AMEA-da hazırlanan “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın layihəsində Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmi fəaliyyət sahəsində struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsi və s. istiqamətlər əks olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva öz çıxışında elmin cəmiyyətin və dövlətin inkişafının fundamental əsaslarından biri kimi rolunun və əhəmiyyətinin yeni yanaşmalar və çağırışlar baxımından dərk olunmasına və fəaliyyət istiqamətlərinin müəyyənləşməsinə zərurətin yarandığını qeyd edib. Bugünkü müzakirələrin də əsas qayəsi bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Ölkədə elmi potensialın qorunması və inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğu diqqətə çatdırılaraq qeyd edildi ki, elmi fəaliyyət sahəsi də modernləşməli, zamanın ritminə və tələblərinə uyğunlaşmalı, elm və təhsil arasında daha sıx inteqrasiyaya nail olunmalı, elmi fəaliyyət sahəsində idarəetmə müasir mexanizmlər əsasında yenilənməli, kadr potensialından daha səmərəli istifadə, cəmiyyətdə elmin və alimin nüfuzunun yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməli, əməyin diferensial qiymətləndirilməsi yolu ilə alimlərin lazımi səviyyədə stimullaşdırılması məsələlərinə diqqət artırılmalıdır. Eyni zamanda islahatların həyata keçirilməsi üçün konkret platforma müəyyənləşdirilməli, yeni idarəetmə mexanizmləri təqdim edilməlidir. Bunun üçün müvafiq dövlət qurumları sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləməlidirlər.

Müzakirələrdə iştirak edən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev bildirib ki, istər elm, istərsə də təhsil sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan ilk növbədə elm və təhsil sahəsində vahid dövlət tənzimlənməsinə ehtiyac vardır. Burada əsas məqsəd dövlət siyasəti səviyyəsində müəyyən olunmuş hədəflərə nail olmaqdır. Elm və təhsil sahəsində idarəetmədə ictimai nəzarət mexanizmlərinə keçid olduqca zəruridir. Nazir idarəetmə sahəsində bütün bu tədbirlərin “akademik azadlıqlar”ın qorunub saxlanılması ilə həyata keçirilməsinin zərurətini vurğulayıb. Elmi fəaliyyət sahəsində maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsindən danışan nazir bu prosesin elmi fəaliyyətin dəqiq qiymətləndirilməsi və ciddi hesabatlılıqla qarşılıqlı əlaqədə həyata keçirilməli olduğunu bildirib. Əlavə olaraq nazir peşəkar elmi cəmiyyətlərin əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın bir qurum kimi sovet dönəmində o dövrün tələblərinə uyğun yaradıldığını qeyd edib. Müstəqillik dövründə bütün post-sovet məkanında Akademiyalar müəyyən transformasiyalardan keçmişlər. İ.Həbibbəyli dünya təcrübəsində elmi fəaliyyətin müxtəlif akademik və qeyri-akademik modellərinin olduğunu diqqətə çatdıraraq təhlil bazasında Azərbaycanda da bu fəaliyyətin perspektivli mövcudluq formalarının tapılmasının vacibliyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək son illər dünya elmində baş verən yeniliklər, prioritetlərin müəyyənləşməsinə təsir edən amillər haqqında məlumat verib. Alim bu istiqamətdə AMEA-da da mühüm tədqiqatların aparıldığını vurğulayıb. İ.Hüseynova fundamental tədqiqatların əhəmiyyətini, diferensial maliyyələşmənin zəruriliyini, elmi tədqiqatların keyfiyyətinin müasir avadanlıqlardan istifadə ilə bilavasitə bağlı olmasını da diqqətə çatdırıb. İ.Hüseynova elmlə təhsilin uğurlu və sıx əlaqəsinin elmin inkişafında təməl rolunu da xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, təqdim olunan Strategiya layihəsinə münasibət bildirib.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev elmi fəaliyyət sahəsində qarşıda duran vəzifələrə toxunaraq AMEA-nın dəqiq hüquqi statusunun müəyyənləşdirilməsindən, beynəlxalq elmi bazalardan istifadə sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən, elm və təhsilin inteqrasiyası sahəsində IV Sənaye inqilabı ilə bağlı yeni ixtisaslar üzrə kadrların hazırlanması zərurətindən bəhs edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, AMEA-nın vitse-prezidentləri - İbrahim Quliyev, Dilqəm Tağıyev və Gövhər Baxşəliyeva da çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015