AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib
Dek 29, 2021 | 17:40 / Konfranslar, iclaslar
Oxunub 113 dəfə

Dekabrın 29-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, İşlər idarəsinin müdiri v.i.e. Fikrət Əliyev və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Daha sonra akademik Ramiz Mehdiyev AMEA-nın müxbir üzvü Məhəmməd  Babanlı və AMEA-nın müxbir üzvü İslam  Mustafayevə 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib, ilkin olaraq AMEA-nın vəzifə nomenklaturunun təsdiq edilməsi məsələsinə baxılıb.

Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov AMEA-nın vəzifə nomenklaturunun yenidən işlənilməsi zərurətinin yarandığını, bu məqsədlə onun yeni layihəsinin hazırlandığını və bütün müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini bildirib.

Müzakirələrdən sonra AMEA-nın vəzifə nomenklaturu təsdiq edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ “Elm və həyat” jurnalının əməkdaşlarının AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi haqqında olub. Tədbirdə  “Elm və həyat” jurnalının çoxillik fəaliyyətində xüsusi xidmətləri nəzərə alınaraq məsul redaktor, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və jurnalın sabiq baş redaktoru Ülkər Hüseynovanın AMEA-nın Fəxri fərmanı ilə təltif edilmələri qərara alınıb.

İclasda, həmçinin AMEA-nın Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətlərini, eləcə də 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyini nəzərə alaraq, ona 5 min manat məbləğində pul mükafatının verilməsinə dair qərar qəbul edilib.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan digər məsələ Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” V konfransının keçirilməsi ilə bağlı olub.

Bu barədə çıxış edən akademik Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) koordinasiyası və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən layihə olan EaPConnect (Eastern Partnership Connect) çərçivəsində ildə bir dəfə təşkil edilən “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” konfransının 2022-ci ildə ölkəmizdə keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, konfransda EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunan e-elm və e-infrastruktur məsələlərinin müzakirəsi planlaşdırılır. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq qərar qəbul edilib.

Daha sonra tədbirdə akademik Qərib Məmmədovun 75, akademiklər Pərviz Məmmədov və Məhərrəm Babayevin 85, akademik Məmməd Salmanovun 90, AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovun 75 və AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun 90 illik yubileylərinin keçirilməsi ilə bağlı qərarlar verilib.

Bundan başqa, akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş “Molekulyar spektroskopiya” və akademik Məhəmmədəmin Şahtaxtınskinin 90 illiyinə həsr edilmiş “Kompozisiyalı quruluşlar fizikası” beynəlxalq konfranslarının keçirilməsi qərara alınıb.

İclasda, həmçinin bir sıra kadr məsələlərinə də baxılıb. Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva AMEA-nın akademik Yusif   Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi və biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təsdiqləniblər.

AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda və N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının tərkibində qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Mərkəzi Nəbatat Bağının Elmi şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.

Tədbirdə AMEA-nın Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının AMEA-nın Biofizika İnstitutuna keçirilməsi məsələsi də müzakirəyə çıxarılıb.

Bildirilib ki, ötən müddət ərzində AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura mövcud olmadığı üçün bu sahədə yüksəkixtisaslı kadr hazırlığı məqsədli qəbul əsasında AMEA-nın Fizika İnstitunda həyata keçirilib. Qeyd olunub ki, hazırda AMEA-nın Biofizika İnstitutunun mövcud maddi-texniki bazası, infrastrukturu, elmi kadr potensialı orada yüksəkixtisaslı kadrların hazırlanmasına imkan verir. Bu səbəbdən AMEA-nın Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə doktoru hazırlığı üzrə 1 doktorant və 2 dissertantın, elmlər doktoru hazırlığı üzrə 2 doktorantın Biofizika İnstitutuna keçirilməsi məqsədəuyğun hesab edilib.

Sonda akademik Arif Həşimov Rusiya EA-nın prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin respublika elmi ictimaiyyəti ilə AMEA-da görüşü və “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasiminin yekunları haqqında məlumat verib. Akademik A.Həşimov REA nümayəndələrinin Azərbaycana səfərinin iki qurum arasında elmi əlaqələrin daha da genişləndirilməsi, birgə tədqiqat işlərinin həyata keçirilməsi baxımından yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin REA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin 25-27 noyabr tarixlərində ölkəmizə səfərinə həsr edilmiş xüsusi buraxılışı işıq üzü görüb. Müzakirələr nəticəsində REA prezidentinin rəsmi səfərinin nəticələri ilə bağlı müvafiq qərar qəbul edilib.

Tədbirə yekun vuran akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015