AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Akademik Ramiz Mehdiyev Yaponiyanın “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin rəhbər heyəti ilə görüşüb
Noy 19, 2021 | 12:00 / Görüşlər
Oxunub 1069 dəfə

Noyabrın 18-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Yaponiyanın “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin baş direktoru Takiqava Keidzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə AMEA tərəfdən Akademiyanın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və Fizika İnstitutunun laboratoriya müdiri, akademik Nazim Məmmədov, “Tokyo Boeki Group”dan isə şirkətin Rusiya ofisinin baş direktorunun müavini Dmitri Yurkoveç və satış üzrə meneceri Vitali Tinkov iştirak edib.

Qonaqları Akademiyada görməkdən məmnunluğunu dilə gətirən AMEA prezidenti iki ölkə arasında elmi-mədəni, sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin təməlinin hələ SSRİ dövründə təşəkkül tapdığını söyləyib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi və təşəbbüsü əsasında Bakıda Yaponiya mütəxəssislərinin iştirakı ilə SSRİ-nin ən böyük məişət kondisionerləri zavodu istifadəyə verilib və respublikamızın iqtisadiyyatının inkişafına mühüm töhfə verib.

Akademik Ramiz Mehdiyev Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlərin də qurulduğunu, nəticədə iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini və bu gün də inkişaf etməkdə olduğunu söyləyib.

Görüşdə çıxış edən “Tokyo Boeki Group” şirkətinin Rusiya ofisinin baş direktoru Takiqava Keidzi isə bildirib ki, təmsil etdiyi şirkət 1947-ci ildən fəaliyyət göstərir və Yaponiya, Çin, ABŞ, Rusiya, Avstraliya və digər ölkələrdə nanotexnologiya, tibb və biologiya, təbii ehtiyatlar və enerji, mikroelektronika və yarımkeçiricilər, maşınqayırma, metallurgiya sahələri üzrə ixtisaslaşmış 22 törəmə şirkəti özündə birləşdirir.

Şirkətin Moskva nümayəndəliyinin 1959-cu ildə açıldığını və 1967-ci ildə rəsmi akkreditasiyadan keçdiyini deyən Takiqava Keidzi bununla da “Tokyo Boeki Group”un SSRİ-də qeydiyyata alınmış ilk xarici şirkət olduğunu vurğulayıb. Onun sözlərinə görə, şirkət həmin illərdə müxtəlif elmi və kommersiya layihələrində iştirak edərək, yapon-sovet ticarətinin inkişafı üçün əlverişli şərait yaradıb.

Sonra çıxış edən şirkətin Rusiya ofisinin baş direktorunun müavini Dmitri Yurkoveç isə Azərbaycanda da aktiv fəaliyyət göstərmək niyyətində olduqlarını söyləyib və ölkəmizdə elmi-tədqiqat işlərinin sənayedə tətbiqini həyata keçirməyə imkan verəcək müəssisə yaratmaq arzularını ifadə edib.

Akademik Ramiz Mehdiyev isə öz növbəsində AMEA-nın Yüksək Texnologiyalar Parkında bunun üçün geniş imkanların olduğunu, perspektivdə şirkət tərəfindən təqdim ediləcək təkliflərin nəzərdən keçirilə biləcəyini vurğulayıb.

Görüş çərçivəsində, həmçinin bir sıra digər əməkdaşlıq imkanları da müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015