AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Okt 02, 2021 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 931 dəfə

Oktyabrın 1-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Tofiq Nağıyev, Arif Həşimov, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb. Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərlə başa çatdığını diqqətə çatdıran Akademiya rəhbəri bu Qələbənin ölkəmizin tarixində xüsusi yeri olduğunu vurğulayıb. AMEA prezidenti ölkə rəhbərliyinin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonra iclasın gündəliyi barədə məlumat verilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya anadan olmasının 75 illiyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov AMEA-nın Ümumi yığıncağının 27 may 2021-ci il tarixli 1/1 nömrəli qərarının tələblərinə uyğun olaraq, yeni redaksiyada hazırlanmış AMEA-da aparılacaq beşillik (2021-2025-ci illər) elmi-tədqiqat işlərinin mövzu planını təqdim edib. Müzakirələrdən sonra mövzu planı təsdiq olunub. Həmçinin “AMEA Rəyasət Heyəti aparatının Əsasnaməsi”nin təsdiq edilməsi, AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində Sosial xidmətlər şöbəsinin yaradılması, AMEA-nın elmi müəssisə və təşkilatlarında icraçı direktorların aylıq vəzifə maaşlarının tənzimlənməsi və bir sıra digər məsələlər barədə akademik Arif Həşimov çıxış edib. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Gündəlikdə duran bir sıra digər məsələlər barədə AMEA-nın vitse-prezidentləri - akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Rasim Əliquliyev və akademik İradə Hüseynova çıxış ediblər. Çıxışlardan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” Qərarının icrası haqqında müvafiq qərar qəbul edilib. İclasda, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin yaradılması, akademik Bahadur Tağıyevin biblioqrafiyasının hazırlanması haqqında məsələlər müzakirə edilib, akademik Mirzə İbrahimovun 110 illik, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 110 illik, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 75 illik, AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin 70 illik, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın 80 illik, akademik Asəf Hacıyevin 70 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul edilib.

Rəyasət Heyətinin iclasında akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə, həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq olunublar.

AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda və AMEA-nın Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamaların nəticələri haqqında arayışları təqdim edib. Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul edilib.

AMEA Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.

İclasda bir sıra digər məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015