AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
İyn 15, 2021 | 10:00 / Müsahibələr, çıxışlar
Oxunub 1236 dəfə

Hörmətli həmkarlar!

Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan Respublikasının tarixində ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan çoxsaylı əlamətdar hadisələr sırasında özünəməxsus xüsusiyyətləri və nəticələri ilə mühüm yer tutur.

Belə ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda siyasi hərc-mərclik hökm sürür və hakimiyyət uğrunda qızğın mübarizə gedirdi ki, bütün bunların məntiqi nəticəsi olaraq orduda yaranan boşluqlardan istifadə edən təcavüzkar Ermənistanın ərazi iddiaları ilə Azərbaycanın dövlət təhlükəsizliyi və müstəqilliyi təhlükə altına düşmüşdü.

Bakıda bu cür hadisələrin cərəyan etdiyi bir vaxtda isə görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev çoxillik zəngin dövlətçilik təcrübəsi ilə Naxçıvanda geniş quruculuq işləri həyata keçirirdi. Həmin illərdə ümummilli liderin rəhbərliyi, təşəbbüsü, cəsarəti və siyasi iradəsi ilə hələ SSRİ-nin mövcudluğunu qoruduğu bir vaxtda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilmiş, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi kimi və s. önəmli qərarlar verilmiş, eyni zamanda Naxçıvanın iqtisadiyyatı dirçəldilmiş, qardaş Türkiyə ilə sıx əlaqələr qurulmuşdu.

Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyalarından yola çıxaraq Naxçıvanda həyata keçirdiyi islahatlar Bakıda maraqla izlənir, xalqımız qeyri-sabitlikdən, bəlalardan xilasını, dövlətçiliyin gücləndirilməsini və gələcəyini ümummilli liderin timsalında görürdü. Belə bir vaxtda Azərbaycanın tanınmış ziyalıları dahi liderin hakimiyyətə qayıtması üçün müraciət imzalamışdılar və sevindirici haldır ki, həmin şəxslər sırasında AMEA-nın əməkdaşları da yer almışlar və bu gün də onlar öz elmi yaradıcılıqları ilə Akademiyada fəaliyyətlərini davam etdirirlər.

1993-сü ilin iyununda Gəncədə baş verən hadisələr isə müstəqillikdən sonrakı iki il ərzində ölkədə cərəyan edən proseslərin pik həddi olmuş, xalqımız vətəndaş müharibəsinin astanasına gəlmiş, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Həmin ərəfədə Azərbaycan xalqı kimi ozamankı ölkə rəhbərliyi də xilas yolunu dahi rəhbər Heydər Əliyevi Bakıya dəvət etməkdə görmüşdü.

1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev çıxışında demişdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. …Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Tarix ulu öndərin verdiyi sözə necə bağlı olduğunu nəinki bizə, hətta bütün dünyaya sübut etdi və dahi rəhbərin bu çıxışını o zaman dinləyən hər bir kəsin bu vədlərin gerçəkləşəcəyindən zərrə qədər də şübhəsi yox idi. Qısa müddətdə Heydər Əliyevin rəhbərliyi altında milli dirçəliş prosesinə başlanıldı, dövlətçilik institutları təsis olundu, ilk növbədə ordumuz gücləndirilərək Ermənistanın işğalçılığının qarşısı alındı, ölkəmizə geniş iqtisadi imkanlar açan Əsrin müqaviləsi imzalandı, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Atılan məqsədyönlü siyasi, iqtisadi addımlar nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyanın aparıcı dövlətləri sırasında qərarlaşdı, beynəlxalq arenada söz sahibinə çevrildi.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi ilə isə ulu öndərin Qarabağımızın, Şuşamızın işğaldan azad olunmasına dair vəsiyyəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən yerinə yetirildi, ərazi bütövlüyümüz bərpa olundu.

Dəyərli Akademiya əməkdaşları, Sizi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015