AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Fev 05, 2021 | 10:49 / Konfranslar, iclaslar
Oxunub 147 dəfə

Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri Rəyasət Heyətinin diqqətinə çatdırıb.

İclasa çıxarılan ilk məsələ “2021-2025-ci illər üçün elmin inkişafına dair AMEA-nın Strateji Yol  Xəritəsi” haqqında olub. AMEA-da həyata keçirilən islahatların strateji hədəflərini və onlardan irəli gələn prioritetləri müəyyənləşdirmək üçün hazırlanan AMEA-nın Strateji Yol Xəritəsi Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Bildirilib ki, dövlətin inkişaf strategiyasına və müəyyənləşdirdiyi milli prioritetlərə uyğun olaraq, ölkədə fundamental və tətbiqi elmi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası, yeni elmi nəticələrin əldə edilməsi və tətbiqi, elmi-texniki potensialın inkişaf etdirilməsi kimi mühüm vəzifələr dayanır.

Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan Respublikasında Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuraları barədə olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli qərarını xatırladaraq onun icrası ilə əlaqədar problem şuralarının tərkibinin formalaşdırılaraq Rəyasət Heyətinə təqdim edildiyini nəzərə çatdırıb. Müzakirələrdən sonra Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının tərkibi təsdiq edilib.

Eyni zamanda AMEA Rəyasət Heyəti aparatının Təchizat və xidmət idarəsinin yaradılması müzakirə edilib, müxtəlif təkliflər dinlənilib.

İclasda qeyri-yaşayış binasının AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsindən AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına qaytarılması barədə məsələyə də baxılıb.

Sonra 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planı Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tədbirlər planında nəzərdə tutulan işlərlə bağlı məlumat verib, Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan elmi müəssisələr tərəfindən artıq bu istiqamətdə bir sıra nəşrlərin hazırlandığını diqqətə çatdırıb. Rəyasət Heyətinin yekun qərarına əsasən tədbirlər planı təsdiqlənib.

Akademiyada həyata keçirilən islahatların əsas hədəflərindən birini təşkil edən elmi və elmi-populyar nəşrlər sahəsindəki fəaliyyətin müasir tələblər səviyyəsində qurulması baxımından gündəmə gətirilən növbəti məsələ AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının yaradılması haqqında olub. Bu yöndə aparılan müzakirələr nəticəsində belə bir şuranın yaradılması qərara alınıb.

İclasda, həmçinin AMEA-nın Neft və Qaz İnstitutunun strukturunda olan Neftin geokimyası şöbəsi Geologiya və Geofizika İnstitutunun strukturuna daxil edilib.

Sonda bir sıra cari məsələlərə də baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015