AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA Rəyasət Heyətində Azərbaycanın tarixi zəfəri qeyd edilib
Noy 10, 2020 | 20:00 /
Oxunub 1109 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın qələbəsi münasibətilə tədbir keçirilib.

AMEA Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın tarixi zəfəri ilə bağlı hər kəsi təbrik edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə çatdıran AMEA rəhbəri ölkə başçısının buna 17 illik zəhməti sayəsində nail olunduğunu bildirib. Akademik Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən söz açıb. AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanatın Ermənistanın kapitulyasiyası anlamını daşıyan bir sənəd olduğunu vurğulayıb. AMEA-nın prezidenti qeyd edib ki, Dağlıq Qarabağa status verilməməsi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi sənədin əhəmiyyətini artıran bəndlərdəndir. 30 ilə yaxındır ki, davam edən mübarizənin şanlı qələbəsinin göstəricisi olan 10 noyabr tarixinin Azərbaycan üçün yeni iqtisadi, hərbi, siyasi  mərhələnin başlanğıcı olduğunu bildirən akademik Ramiz Mehdiyev ali baş komandan cənab İlham Əliyevin mükəmməl politoloq, ideoloq və görkəmli dövlət başçısı kimi bütün bu vəzifələrin öhdəsindən şərəflə gələcəyinə əminliyini ifadə edib.

Akademiya rəhbəri AMEA Rəyasət Heyətinin 10 noyabr 2020-ci il tarixli bəyanatında Azərbaycan alimlərinin qələbə münasibətilə, o cümlədən ölkə rəhbərinin bütün istiqamətlərdəki tapşırıqlarına cavab olaraq onun ətrafında sıx birləşəcəklərinə dair əminlik ifadə edən fikirlərdən bəhs olunduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin bəyanatını səsləndirib. Qələbə ilə əlaqədar ürək sözlərini bölüşən akademik İsa Həbibbəyli bu tarixi günlərdə xalqımızın Azərbaycan-Türkiyə dostluğunun da bir daha şahidi olduğunu qeyd edib. “Ölkələrin, dövlətlərin rəhbərləri hərəsi bir statusla öz ölkəsinin tarixində iz qoyub. Mən hesab edirəm ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev Azərbaycanın Vətən müharibəsində XXI əsrin çətin şəraitində qazandırdığı bu böyük qələbə ilə Azərbaycanın tarixinə qalib Ali Baş Komandan kimi daxil olur. Onun adekvat siyasi, iqtisadi və regional həmlələri, müharibə taktikası dünya üçün nümunə oldu”.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycanın zəfərinin bütün türk dünyasının ortaq qələbəsi olduğunu vurğulayıb. Regiondakı tarixi reallıqların dəyişdiyini deyən akademik gənc dövlət olaraq ölkəmizin az bir vaxtda prezidentimiz sayəsində böyük uğurlara imza atdığını bildirib: "Sözün əsl mənasında qısa müddətdə geopolitik problemlərin, torpaq itkiləri ilə mübarizə fonunda və qlobal dünyada fövqəl güclərin qarşısında siyasi və milli lider səviyyəsində, həm müharibəyə rəhbərlik etmək, həm də beynəlxalq aləmdə həmin təzyiqlərin qarşısında dayanmaq böyük iradə tələb edir".

"Bu 45 gündə gedən müharibə mənə Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanını xatırlatdı" - deyən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev isə bu zəfərin əsrin qələbəsi olduğunu, zəfərimizin xalq birliyinin güclənməsinə töhfə verdiyini bildirib. Akademik onu da vurğulayıb ki, prezidentin xarici kütləvi informasiya vasitələrinə müsahibələrində jurnalistlərin qıcıqlandırıcı suallarına qarşı təmkinli davranışı onun təkcə ölkə rəhbəri deyil, həm də yüksək səviyyəli diplomat, siyasətçi və sərkərdə olduğunu göstərdi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova da bu gün əldə olunan böyük qələbənin müzəffər Ali Baş Komandanın apardığı güclü dövlət, güclü ordu siyasəti və strategiyasının məntiqli nəticəsi olduğunu diqqətə çatdırıb: "Azərbaycan ordusu göstərdi ki, 45 gün ərzində nə qədər böyük uğurlar əldə etmək mümkündür. Bugünkü qələbədə birinci olaraq xalq-rəhbər birliyi və ordu-xalq birliyi olduqca mühüm rol oynadı. Bununla da Azərbaycan öz gücünü dünyana göstərmiş oldu".

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov bu gün xalqımızın haqlı olaraq bayram əhval-ruhiyyəsində olduğunu bildirərək 10 noyabr 2020-ci il tarixini hamımızın xatirəsində əbədi yaşayacaq bir gün kimi səciyyələndirib. O, milli birliyin qüdrətindən və Azərbaycan xalqının tolerantlığından söz açıb: "30 il bizim zəifliyimiz deyildi, bu bizim tolerantlığımızdır. Mənfur qonşularımız bizim bu addımlarımızı heç vaxt düzgün qiymətləndirə bilmədi, bizi hərbi yolla bu məsələni həll etməyə məcbur etdi. Şəhid valideynlərinin, əsgər analarının qarşısında baş əyirik".

Qələbə tədbirində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva da tarixi günlə bağlı ürək sözlərini bölüşüb: "Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılası günlərdir. Bu bizim Ali Kaş Komandanımızın titanik zəhmətinin və uzaqgörən siyasətinin nəticəsində baş verib. Soydaşlarımız vətəndən uzaqda bir gül kimi solurlar. 30 ildə öz dədə-baba torpaqlarından didərgin düşən insanlar hansı duyğularla, hansı faciələrlə yaşayıblar, bunların hər biri  gözümüzün önündə baş verib. Məhz o duyğular, həmin vətən həsrəti, torpaq sevgisi bizi o doğma torpaqlara, həmin doğma diyarlara qaytardı. Və bunu təşkil edən ölkə prezidentimiz oldu".

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev alimlərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdıraraq AMEA-nın yeni yaradılacaq Qarabağ Regional Elmi Bölməsi tərəfindən kompleks proqramların həyata keçiriləcəyini qeyd edib. AMEA rəhbəri bütün elmi-tədqiqat müəssisələrində qələbə tədbirlərinin keçirilməsini məqsədəuyğun hesab edərək elmi bölmələrin rəhbərlərinə Qarabağda aparılacaq araşdırmalar istiqamətində müvafiq təkliflərini qısa müddətdə Rəyasət Heyətinə təqdim etmələri barədə müvafiq tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015