AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin Fransa Respublikasının prezidenti, cənab Emmanuel Makrona açıq məktubu
Okt 29, 2020 | 18:00 / Müsahibələr, çıxışlar
Oxunub 1204 dəfə

Hörmətli cənab Prezident!

Məlum olduğu kimi, son günlərdə Fransada İslam peyğəmbəri Hz.Məhəmmədi (s) hədəf alan təhqiredici karikaturaların sürətlə yayılması və bu xoşagəlməz təmayülün V Respublikanın rəhbərliyi, şəxsən Sizin tərəfinizdən açıq şəkildə dəstəklənməsi müsəlman dünyasının haqlı hiddəti və etirazı ilə qarşılanmışdır. Bu qəzəbin təzahürü kimi Fransanın Yaxın və Orta Şərq regionunda fəaliyyət göstərən diplomatik missiyalarının rəhbərləri bu ölkələrin xarici işlər nazirliyinə çağırılaraq onlara etiraz notası təqdim edilmiş, o cümlədən fransız məhsullarının boykotu kampaniyası geniş vüsət almışdır. Əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi və çoxəsrlik tolerantlıq ənənələrinin hakim olduğu Azərbaycanda da Fransa rəhbərliyinin islamafob davranışı dərin narahatlıq doğurmuşdur.

Təbii ki, karikatura qalmaqalına səbəb olan hadisə - 16 oktyabr 2020-ci il tarixində orta məktəbin müəllimi Samuel Patinin dini hislərinin həmyaşıdları önündə təhqir edilmiş müsəlman yeniyetmə tərəfindən qətlə yetirilməsi də bizdə eyni qəzəb və təəssüf hisləri doğurmuşdur. Belə davranış formasının hər hansı bəraəti, izahı ola bilməz. Zorakılığın bütün təzahürləri eyni dərəcədə qəbuledilməzdir.

Ancaq baş verənlərə obyektiv hüquqi qiymət vermək, dözümsüzlük hallarına və dini zəmində kütləvi zorakılığa qarşı qabaqlayıcı tədbirlər görmək əvəzinə, Fransa rəhbərliyi İslam dəyərlərini, xüsusilə də Məhəmməd Peyğəmbəri təhqir etmək yolunu seçmiş, bununla da özünə qarşı müsəlman dünyasında böyük etiraz dalğası oyatmışdır. Fransada əvvəllər də İslam peyğəmbərinin təhqir edilməsi kimi hadisələr baş vermiş və əksər hallarda faciəli sonluqla nəticələnmişdir. 2015-ci ildə Fransanın məşhur “Şarl Abdo” jurnalının redaksiyasında baş vermiş qətliam bunun ən bariz nümunələrindəndir.

O da bir həqiqətdir ki,  karikatura qalmaqallarının təşkilatçılarına heç zaman Fransanın əvvəlki dövlət başçıları tərəfindən indiki qədər açıq siyasi dəstək verilməmiş, onların hərəkətlərinə belə aqressiv formada qanuni don geyindirmək cəhdləri müşahidə olunmamışdır. Fransanın daxili işlər naziri Jerald Darmanin müsəlmanların dini duyğularını alçaldan karikaturaların, cizgi filmlərinin açıq şəkildə yayımlanmasının qanunauyğun olduğunu bildirməklə və Prezident E.Makron isə öz növbəsində onu dəstəkləməklə Fransada tədricən dövlət səviyyəsində fundamental insan haqlarından, tolerantlıq kimi ümumbəşəri dəyərdən imtina edildiyi haqqında rəy formalaşdırmışlar.

Cənab Makron, Siz çoxsaylı xalqların yaşadığı və müxtəlif etiqadların birgə mövcud olduğu hüquqi bir dövlətin başçısı olduğunuzu unutmayın. Fransa konstitusiyasına əsasən Siz bütün fransızların, eləcə də Fransanın müsəlman vətəndaşlarının prezidentisiniz. Vətəndaşların haqlarını qorumaq və onların fundamental hüquq və azadlıqlarına hörmətlə yanaşmaq Sizin ən mühüm vəzifələrinizin sırasına aiddir. Dini zəmində ayrıseçkilik salaraq Fransa  vətəndaşlarının bir qisminin dini duyğularının təhqirinə yaşıl işıq yandırılması, ilk növbədə Fransa qanunvericiliyinin kobudcasına pozulması deməkdir. Həmçinin, Fransa rəhbərliyinin bu məsələdə tutduğu dözümsüz mövqe fransız xalqının öz qanı və əzmkar mübarizəsi nəticəsində Böyük Fransa İnqilabından indiyədək bərqərar etdiyi dəyərlərin, hüquqi normaların üzərindən xətt çəkildiyi mənasını verməkdədir.

Bəli, istisna etmirəm ki, Sizin İslam dəyərlərinə, xüsusilə də Hz.Məhəmmədə qarşı tutduğunuz mövqe dünyagörüşünüzün məhsuludur. Təbii ki, hər kəs bu və ya digər etiqada, yaxud tarixi şəxsiyyətə yanaşmada sərbəstdir. Kiminsə bir başqasına öz baxışlarını zorla qəbul etdirməsi mümkün deyil. Ancaq  istənilən halda bu sərbəstliyin sərhədləri digərlərinin duyğularını təhqir edəcək qədər hüdudsuz ola bilməz. Ən əsası isə, cənab Makron, Siz və komandanızın bəzi üzvləri tutduqları ali dövlət vəzifələrinin məsuliyyətini dərk etməli, kin və rəğbət duyğularını bir kənara qoyaraq hüququn tələblərini, Fransanın yüksək mənafelərini rəhbər tutmağı bacarmalısınız.  

Bütün bunlarla yanaşı, cənab Makron, yaxşı olar ki, Siz Məhəmməd Peyğəmbərin fəaliyyətini, şəxsiyyətini və irsini diqqətlə, stereotiplərin əsirliyindən azad olaraq obyektiv şəkildə öyrənəsiniz. Bu Sizə VII əsrdə yaşayan bu görkəmli, nəcib şəxsiyyətin bəşəriyyət tarixində oynadığı mütərəqqi rolun həqiqi missiyasını anlamağa kömək edəcək. Siz əmin olacaqsınız ki, Hz.Məhəmmədin 14 əsr öncə yaratdığı demokratik siyasi ənənəyə çatmaq üçün Qərb əsrlərlə yol qət etməli olmuş, məhz onun bərqərar etdiyi dəyərlər sisteminin nəticəsində Avropa üçün səciyyəvi olan faşizm, antisemitizm kimi hallar İslam dünyasında heç zaman müşahidə olunmamışdır.

Sizin diqqətinizə bir məqamı da çatdırmağı zəruri hesab edirəm. Avropa müstəmləkəçilərinin Yaxın və Orta Şərq ölkələrində XVIII-XX əsrlərdə törətdikləri cinayətlər, qətliamlar və talanlar hər kəsə yaxşı məlumdur. Fransanın müstəmləkəçilik tarixi də inkaredilməz bir həqiqətdir. Bütün bunların fonunda Avropa müstəmləkəçilərinə qarşı müqavimət göstərmiş müsəlman xalqlarının nümayəndələri heç zaman baş verənləri xristianlıqla, o cümlədən də həmin dinin peyğəmbəri İsa Məsihlə qətiyyən əlaqələndirməyiblər. Əksinə, İsa Məsihə müsəlman ilahiyyatçıları və mütəfəkkirləri daim böyük ehtiramla yanaşmış, onu peyğəmbərlik missiyasının ən böyük nümayəndələrindən biri kimi qəbul etmişlər. Qeyd etdiyim ənənə İslam dinindən, Qurani-Kərimin ehkamlarından, Hz.Məhəmmədin sünnəsindən qaynaqlanan bir mədəniyyətə söykənir.

Müsəlmanlar heç zaman Avropanın yetişdirdiyi Hitler və Mussolini kimi faşist rəhbərlərinə, Torkvemada kimi inkvizisiya cəlladlarına görə xristianlıq dinini, İsa Məsihi müqəssir saymamış, bu müqəddəs dəyərlərə hücum etməmişlər. Zənnimcə, ən böyük rasionallıq, tolerantlıq və mədəniyyət də məhz budur. İslam pərdəsi altında terror və zorakılıq törədən bir qrup fanatikə görə 14 əsr bundan əvvəl yaşamış və həyatının bütün mərhələlərində sülh, qardaşlıq təbliğatçısı olmuş Məhəmməd Peyğəmbərə hücum etmək bəsit təfəkkürün, mədəniyyət qıtlığının təzahüründən savayı bir şey deyil.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, Sizin mühüm xarici və daxili siyasət məsələlərində şəxsi rəğbət, yaxud nifrət hislərinizə söykənərək qərar vermək adətinizdən Azərbaycan xalqı da əziyyət çəkməkdədir. Sizin cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan ordusunun Qarabağda beynəlxalq hüququn bütün normalarına uyğun olaraq başladığı anti-terror əməliyyatına verdiyiniz reaksiya subyektivliyin və tərəfkeşliyin açıq-aşkar nümunəsi kimi həmişəlik azərbaycanlıların yaddaşında qalacaq. Azərbaycanın Fransanın özü də daxil olmaqla bütün dünya tərəfindən tanınmış Dağlıq Qarabağ bölgəsini və ətrafındakı 7 rayonu 30 ilə yaxın işğal altında saxlayan Ermənistana dəstək verməklə Siz   ölkənizin ATƏT-in Minsk qrupu çərçivəsində üzərinə götürdüyü vasitəçilik missiyasına qarşı çıxmış olursunuz. Siz bilməlisiniz ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına əngəl törətməklə dünyada İkinci Dünya Müharibəsindən sonra formalaşmış hüquqi münasibətlər sisteminin nüfuzdan salınmasına təkan vermiş olursunuz.  

Hər vəchlə Dağlıq Qarabağdakı kriminal rejimin, həmçinin təcavüzkar Ermənistanın hərəkətlərinə bəraət qazandıqmağa çalışan Fransa rəhbərliyi və mətbuatı nədənsə Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərlərində dinc Azərbaycan vətəndaşlarının raket hücumları nəticəsində qətlə yetirilməsi kimi hərbi cinayətlərə göz yumur. Üzərinə sülhü təmin etmək missiyasını götürmüş bir dövlətin rəhbəri olaraq Siz bu cür açıq-aşkar ermənipərəstlikdən uzaq durmalı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi xalqımızdan üzr istəməlisiniz. Unutmayın ki, uşaq qatillərini, başqa ölkənin ərazisini işğal altında saxlayan cinayətkarların himayədarı qismində tarixə düşmək heç kəsə, o cümlədən də Sizə başucalığa gətirə bilməz.

Həmçinin, Sizin timsalınızda erməni işğalına dəstək olan, Azərbaycanın haqq işinə qarşı çıxmağa çalışan hər kəs bilməlidir ki, bu qəbildən olan cəhdlər əbəsdir. Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun rəşadəti, xalq-dövlət həmrəyliyi gec-tez Qarabağ müharibəsində Azərbaycanın haqq işinin təntənəsini təmin edəcək. Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir. Qələbə haqqındır!

Hörmətlə,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

Akademik Ramiz Mehdiyev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015