AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı AMEA-nın iş rejimində məhdudiyyətlər tətbiq edilib
İyn 25, 2020 | 12:00 / Mühüm hadisələr
Oxunub 385 dəfə

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Bunları nəzərə alaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyev 22 iyun 2020-ci il tarixində “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015