AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Bu gün akademik Ramiz Mehdiyevin doğum günüdür
Apr 17, 2020 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 237 dəfə

Aprelin 17-si Azərbaycan elminin parlaq nümayəndəsi, görkəmli ictimai-siyasi xadim, əsl vətənpərvər insan, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin doğum günüdür. Alim fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan elmi, mədəniyyəti, təhsili və siyasətində silinməz izlər qoyub.

Akademik Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib. Daha sonra o, Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsinə daxil olub. Alim əmək fəaliyyətinə 1965-ci ildə başlayıb, 1972-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim vəzifələrində çalışıb. 1974-cü ildə Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsi (MK) aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi, 1976-cı ildən Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini kimi fəaliyyət göstərib. O, 1978-ci ildə Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi vəzifəsinə seçilib.

Görkəmli alim 1980-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ildə isə Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin müdiri işləyib. Səmərəli fəaliyyəti nəzərə alınmaqla Ramiz Mehdiyev Azərbaycan KP MK-nın katibi vəzifəsinə təyin edilib.

O, 1988-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1994-cü ildə Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 1995-ci ildən isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini icra etməyə başlayıb.

Görkəmli elm xadimi AR Prezidenti Administrasiyasına rəhbərlik etdiyi illər ərzində dünya siyasi arenasında ölkəmizin nüfuzunun artırılmasında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində fəal iştirak edib, öz vəzifəsini şərəflə və məsuliyyətlə icra edib.

Ramiz Mehdiyev müstəqil Azərbaycanda dövlət quruculuğu məsələləri, milli dövlətçilik tarixi, cəmiyyətin müasir inkişafı, millətlərarası münasibətlər, modernləşmə və s. problemlərə həsr olunmuş 400-dən çox kitab və elmi məqalənin müəllifidir. Onun elmi əsərləri əsasən ölkənin modernləşmə və dayanıqlı inkişafının konsepsiyası, dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarının işlənilməsi, cəmiyyət və dövlət həyatının fəlsəfəsi və digər mühüm elmi ictimai əhəmiyyət kəsb edən məsələlərə həsr olunub.

Çoxillik və səmərəli fəaliyyətinə görə akademik Ramiz Mehdiyev “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordeni (2008), “Şərəf” ordeni (2013), “Şöhrət” ordeni (2018) eləcə də “Heydər Əliyev” ordeni (2019) ilə təltif edilib.

23 oktyabr 2019-cu il tarixdə AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib. Görkəmli alim Akademiyaya rəhbərlik etməyə başladığı gündən bu elm ocağının fəaliyyətində yeni bir səhifə açılıb. AMEA-nın strukturunun əsaslı olaraq təkmilləşdirilməsi, idarəetmə sisteminin modernləşdirilməsi, qurumun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində konkret addımlar atılıb.

AMEA-nın prezidenti qısa müddət ərzində Akademiyanın fəaliyyətinin optimallaşdırılması ilə bağlı düşünülmüş işlər görüb, Azərbaycan elminin prioritet istiqamətlərinə yenidən baxılması, yüksəkixtisaslı kadrların hazırlanması və müasir elmin inkişaf tendensiyalarının diqqətdə saxlanılmasını əsas hədəflər kimi müəyyənləşdirib. Akademikin son aylar ərzində qəbul etdiyi məqsədyönlü qərarlar, imzaladığı sərəncamlar AMEA-nın yaxın perspektivdəki inkişafının təməlini təşkil edir.

Hazırda Akademiyada elmin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, multidissiplinar tədqiqatların aparılması üçün köklü islahatlar aparılır, eləcə də yeni elmi əməkdaşlıqların təşkili məqsədilə səmərəli görüşlər keçirilir.

R.Mehdiyev elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazası və informasiya təminatının gücləndirilməsi, eləcə də fundamental və tətbiqi tədqiqatların gücləndirilməsi ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayır.

Azərbaycan elminin görkəmli simasını doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı ilə bağlı strateji hədəflərin həyata keçirilməsində uğurlar arzu edirik!

Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015