AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Akademik Akif Əlizadə elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb
Sen 10, 2019 | 14:25 / Konfranslar, iclaslar
Oxunub 1933 dəfə

10.09.2019 18:22

Akademik Akif Əlizadə elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb

Sentyabrın 10-da AMEA Rəyasət Heyətində elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüş keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidentləri, AMEA-nın akademik-katibi və elmi tədqiqatların koordinasiyası işinə məsul olan şəxslər iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, akademiyada uzun illər fəaliyyət göstərən elmi şuraların əsas məqsədi elmin inkişafı ilə bağlı qəbul edilən qərarların icrasını həyata keçirmək, yeni, yüksəkixtisaslı kadrlar hazırlamaq, prioritet elmi istiqamətləri formalaşdırmaqdan ibarət olmuşdur.

Alimin sözlərinə görə, hazırda elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi və onların işinin müasir səviyyədə təşkilini nəzərdə tutan elmi şuraların yeni fəaliyyət planlarının hazırlanmasına dair işlər davam etdirilir.

A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələri xatırladıb. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuralar yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə çatdırıb. Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.

AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib: “Hər bir mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir. Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə yanaşmalıdırlar.”

Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual, prioritet istiqamətlərdə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda bu məsələ ilə bağlı geniş müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu deyib.

A.Əlizadə onu da əlavə edib ki, hazırda AMEA-nın iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi  hazırlanır.

Daha sonra akademiklər İradə Hüseynova, Əhliman Əmiraslanov, Kamal Abdullayev, Rafael Hüseynov, Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Akif Musayev və Nuru Bayramov çıxış ediblər.

İclasda dissertasiya mövzularından ibarət elektron məlumat bazasının hazırlanması, şuraların veb-saytlarının yaradılması və onların istismarının təmin edilməsi, respublikanın elmi tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların əlaqələndirilməsi, elmi tədqiqatlarda təkrarçılığın aradan qaldırılması kimi məsələlər müzakirə olunub. Həmçinin elmi şuraların tərkibinin formalaşdırılması, onların nümunəvi əsasnamə layihəsinin təsdiq edilməsi və gələcək fəaliyyətinin təşkilinə dair  fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015