AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Akademik Telman Əliyev Birinci Xəzər İqtisadi Forumunda iştirak edib
Avg 16, 2019 | 12:00 / Mühüm hadisələr
Oxunub 1790 dəfə

Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirilib.

Foruma Xəzəryanı ölkələrin - Rusiyanın Baş Naziri Dmitri Medvedev, İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş Naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş Naziri Boyko Borisov və Özbəkistanın Baş Naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri, o cümlədən Xəzər regionunun bank və biznes sektorunun nümayəndələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri qatılıblar. Forumda Azərbaycan Respublikasını Baş Nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Birinci Xəzər İqtisadi Forumunda ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi müzakirə olunub. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlər təşkil edilib.

Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də iştirak edib. O, forumun “Xəzər regionunda elmi tədqatlar sahəsində əməkdaşlıq” adlı 6-ci tematik sessiyasında "Xəzər regionunda neft və qaz obyektlərinin istismarının təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Sözügedən sessiyanın işində Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdı Toylıyev, UNESCO-nun Dövlətlərarası Okeonoqrafiya Komissiyasının müşaviri Yuriy Olenin və Türkmənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov da iştirak ediblər.

Azərbaycanlı alim məruzəsində neft və qaz obyektlərinin kommunikasiya və infrastrukturunun istismarının təhlükəsizliyini təmin edən intellektual sistemlərin yaradılması, qazma qurğuların qəza vəziyyətinin və neft-qaz obyektlərinin yerləşdiyi ərazilərdə seysmik proseslərin başlanmasının intellektual xəbərdarlıq sisteminin hazırlanması, güclü qasırğa küləkləri və seysmik proseslər zamanı neft-qaz obyektlərinin texniki vəziyyətinin və seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün nəzarət sisteminin yaradılması məsələləri ilə bağlı məlumat verib.

Akademik T.Əliyev çıxışında Şərq-Qərb nəqliyyat koridorunda loqistika problemlərinin həllində kommunikasiya və infrastrukturun təhlükəsizliyi problemlərinə də xüsusi diqqət yetirib.

Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraq doğurub və qaldırılan məsələlərin aktuallığı qeyd olunub.

T.Əliyev, həmçinin ölkənin kütləvi informasiya vasitələrinə və Türkmənistan televiziyasına müsahibə verib.

Qeyd edək ki, İkinci Xəzər İqtisadi Forumunun Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015