AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
Azərbaycan və Çin alimlərinin əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
May 20, 2019 | 10:00 / Görüşlər
Oxunub 235 dəfə

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Pekin səfəri çərçivəsində Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşüb.

Görüş zamanı S.Fucan iki ölkə arasında tarixən yaranmış əlaqələrin müasir dövrdə bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətlərində inkişaf etdiyini, birgə layihələrin icra olunduğunu deyib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi sahədə deyil, eyni zamanda, humanitar, mədəniyyət, elm və təhsil istiqamətlərində də əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Hər iki ölkədən alimlərin qarşılıqlı səfərlərini, birgə tədbirlərin təşkilini əməkdaşlığın vacib məqamlarından biri kimi dəyərləndirib.

Görüşdə akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Rəhbərlik etdiyi akademiyanın Çinin elm və təhsil qurumları ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan akademik ötən müddətdə Çin Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Çin Mühəndislik Akademiyası, Pekin Universiteti, Pekin Beynəlxalq Riyazi Tədqiqatlar Mərkəzi ilə səmərəli əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında 2017-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi elmi əlaqələrin intensiv və səmərəli inkişafına yol açıb. Birgə layihələr çərçivəsində 2018-ci ildə Bakıda keçirilmiş Azərbaycan-Çin əməkdaşlığına dair tədbir ölkələrarası elmi əməkdaşlığın uğurlu nəticəsi kimi yadda qalıb. Bundan başqa, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi yenidən qurularaq mühüm elmi mərkəzə çevrilib. Bildirilib ki, hazırda mərkəzdə “Azərbaycan ədəbiyyatında Çin mövzusu” antologiyası hazırlanır. Həmçinin mərkəzdə Çin dili kursları təşkil olunur, birgə elmi konfranslar keçirilir.

Qeyd edək ki, görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və digərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015