AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Foto
AMEA-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub
Apr 07, 2019 | 09:57 / Konfranslar, iclaslar
Oxunub 124 dəfə

Aprelin 5-də AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlardan olan nümayəndələr, eləcə də respublikanın qabaqcıl alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdimatı keçirilən bu kitabın tarixşünaslığımıza sanballı töhfə, gənc tarixçilər üçün isə dəyərli mənbə olduğunu bildirib. AMEA-nın rəhbəri R.Mehdiyevin Azərbaycan tarixində humanitar və ictimai elmlərin bundan sonrakı inkişafı üçün mükəmməl yeni tarixi baza formalaşdırdığını qeyd edib.

Əsəri akademik R.Mehdiyevin Azərbaycan xalqına və tarixinə xidməti kimi qiymətləndirən alim kitabda Azərbaycan xanlıqlar dövrünün tarixinin ilkin mənbələr əsasında obyektiv şəkildə öyrənildiyini, həmin dövrün ziddiyətlərinin, müsbət və mənfi cəhətlərinin təhlil olunduğunu deyib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanın xanlıqlar dövrünün tarixi haqqında konseptual tədqiqat” mövzusunda məruzə ilə çıxış edib. O, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının akademik R.Mehdiyevin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib.

İ.Həbibbəyli kitabı zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza töhfə olan əsər kimi dəyərləndirib. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır. AMEA-nın vitse-prezidenti kitabı xanlıqlar dövrümüzə yeni elmi və obyektiv baxış kimi dəyərləndirib.

Akademik Ramiz Mehdiyevin elm sahəsinə ardıcıl olaraq dəstək göstərdiyini, müasir dövrdə baş verən ən aktual məsələləri obyektiv şəkildə şərh etdiyini deyən İ.Həbibbəyli bildirib ki, görkəmli alimin apardığı tarixi tədqiqatlar, bir-birinin ardınca nəşr etdirdiyi elmi əsərlər həm elm sahəsində olan boşluqları aradan qaldırır, həm də müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

O, bildirib ki, R.Mehdiyevin bundan əvvəl çap olunmuş Şah İsmayıl Xətai və Nadir şah Əfşara həsr olunmuş tədqiqatları həmin dövrün real hadisələri və ilkin mənbələr əsasında yazıldığından böyük tarixi əhəmiyyətə malikdir. Alim Şah İsmayıla həsr olunmuş əsərində Səfəvi hakimiyyəti ilə 21-ci əsrin 2-ci yarısında meydana çıxmış Heydər Əliyev fenomeni arasındakı təmasın, varisliyin, dövlətçilik ənənələrinin yeni mərhələlərini bir arada göstərməklə Azərbaycanın çoxəsrlik bütöv bir dövlətçilik mənzərəsini yaratmış olur.

İ.Həbibbəyli qeyd edib ki, bugün bizə təqdim olunan Azərbaycanın xanlıqlar dövrünə həsr olunmuş tarixi tədqiqat da əslində akademik R.Mehdiyevin Səfəvilər - Əfşarlar hakimiyyəti ilə, Heydər Əliyev - İlham Əliyev epoxası arasındakı boşluğu doldurmağa xidmət edən və dövlətçiliyimizi yaşadan qiymətli bir əsərdir. Kitabda xanlıqlar dövrünün tarixi doğru, obyektiv meyarlarla dəyərləndirilir, dövlətçiliyin real mahiyyəti, inkişaf istiqamətləri müəyyənləşdirilir. İctimaiyyətə təqdim olunan bu siyasi, qiymətli əsər həm tarixşünaslıq, həm də cəmiyyətşünaslıq baxımından böyük önəm daşıyır.

"Akademik R.Mehdiyev haqlı olaraq qeyd edir ki, Azərbaycan xanlıqlarının Rusiya ilə münasibətlərində müxtəlif çətinliklər, problemlər mövcud olub. İndiyədək tarixi tədqiqatlarda bu məsələlər obyektiv qiymətləndirilməmiş və hadisələrə birtərəfli münasibət bəslənmişdir. Digər tərəfdən Azərbaycan tarixində xanlıqların yaranması, Səfəvilərin yaratdığı böyük imperiyanın daha da möhkəmləndirdiyi, genişləndirdiyi Azərbaycan dövlətinin parçalanması demək idi" - deyə İ.Həbibbəyli bildirib.

Qeyd olunub ki, tarixdə ayrı-ayrı xanlıqlarımıza aid tədqiqatlarda birtərəfli münasibət, xanlıqlar dövrünün azərbaycançılıq konsepsiyası əsasında yenidən öyrənilməsi zərurətini meydana qoymuşdur. Bu kitab da Azərbaycan xanlıqlarına həsr olunmuş yeni baxışın nümunəsidir.

Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, bundan sonra Azərbaycan xanlıqları ayrı-ayrılıqda ilkin mənbələr əsasında azərbaycançılıq məfkurəsi baxımından obyektivlik prinsipi üzrə yenidən tariximizə yazılmalıdır. Bu cəhətdən son illərdə Ramiz müəllimin çap olunan tədqiqatlarını yeni tipli tarixi tədqiqatlar adlandırmaq olar.

İ.Həbibbəyli çıxışının sonunda bildirib ki, əsərdə akademik R.Mehdiyev ilk dəfə olaraq Azərbaycan xanlıqları dövrünün tarixi icmalınının vahid sistemli təhlilini ortaya qoyub. Azərbaycanın şimalında olan 10 xanlıq və cənubunda olan 8 xanlığın hər birini tədqiqata cəlb etməklə, Azərbaycan cəmiyyətini konseptual şəkildə, elmi cəhətdən dəyərləndirib.

Daha sonra AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək bu kitabın Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addım olduğunu deyib. Bildirib ki, ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə çıxışında əsərin xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcəyini, eyni zamanda Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına kömək edəcəyinə əminliyini ifadə edib.

 Tədbirdə, həmçinin AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham MəmmədzadəN.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd və Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev çıxş edərək kitab haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, kitabda təqdim olunan bütün sənədlər müvafiq şərh və izahlarla müşayiət edilir. Əsər həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulub.

Sonda çıxışlar ətrafında geniş müzakirələr aparılıb, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabına dair suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015