AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Həyatın mükafatı
Fev 25, 2019 | 12:40 / Yeni nəşrlər
Oxunub 256 dəfə

Daha nə o cür lövhələr var, nə o təhər təbaşirlər.

Azərbaycanın irili-xırdalı şəhərlərindən tutmuş ən ucqar kəndlərinəcən elə gözəl, müasir məktəblər tikilib, köhnələri də elə yenilənib bərpa edilib ki, 30-40 il əvvəl kiməsə məhz 30-40 il sonra belə olacağını desəydin, bunu inanılmaz xəyalat, təxəyyülün möcüzədən də artıq uçuşu sayardılar.

Bunca qısa müddətə, 10-15 ilə 3000-dən çox təzə məktəbimiz yaranıbsa, 5-10 ilə daha bir dənə də köhnəlmiş, keçmişinki sayıla biləcək məktəb binası qalmaz.

Kim bilir, bəlkə 5-10 ilə sonra nəinki təbaşirlə, heç markerlə yazılan indiki lövhələr də aradan gedəcək, onlar da büsbütün elektronlaşacaq?

Sürətlər başqa, zaman ayrı...

Amma nədirsə mənim tez-tez yadıma o köhnə təbaşirlər, o əski yazı lövhələri düşür.

Onu da xatırlayıram ki, hər yeni dərs ili ərəfəsində məktəbin binasına da, həyət-bacasına da, sinif otaqlarına da imkan daxilində əl gəzdirilib təmir ediləndə yazı taxtaları da rənglənərdi.

Sentyabrın 1-də məktəbə gələndə ötən dərs ilinin sonlarında yazılıb-silinməkdən bozarmış lövhələri yenə qapqara rəngdə, parıltılı görərdik.

Doqquzuncuda-onuncuda mən bir neçə sinifdən yaxşı oxuyan şagirdlərin seçilərək toplandığı, sınaq məqsədi ilə yaradılmış riyaziyyatçılar sinfində oxudum.

Ali riyaziyyat, tərsimi həndəsə kimi orta məktəblərdə görünməmiş mürəkkəb fənlər keçərdik.

Həmin qara lövhələrdə ağ təbaşirlə o qədər yazardıq, məsələlər, tənliklər həll edərdik ki, çox vaxt yalnız əllərimiz yox, üz-gözümüz, üst-başımız da ağappaq olardı.

...Yaş artıqca o təbaşirli günlərin, qayğısız uşaqlıq çağlarının xiffətini nədirsə daha artıq çəkirsən, bütün doğmalarının səninlə olduğu günlərdən ötrü qəribsəyirsən.

Amma insanın təbaşirli günlərinin yaşı nə qədər olasıdır ki!

Lap ən qocaman adamı götür, məktəb illərinin uzaqlığı 80-90 ildən o yana getməyəcək ki!

Amma dünyamızın, hamımızın ortaq evinin də təbaşir dövrü olub axı!

Biz öz təbaşirli günlərimizdən ötrü darıxan kimi bəlkə bu qoca Yer kürəsi də hərdən-hərdən öz təbaşirli əyyamlarını xatırlayır!

O zamanlarsa uzaq, çox uzaqdır, lap uzaqdan uzaqdır.

Hələ nə Azərbaycan vardı, nə dədə-babalarımız, nə əlamətləri ilə bizə tanış olan bu dünya.

Mezozoy erasının sonuncu dövrü yetişmişdi və əhvalatlar vaqe olurdu, nə az-nə çox, düz 145 milyon il qabaq.

Və tarixin o təbaşirli “dərs ili” 66 milyon il əvvəl başa çatdı.

...Mənim çox sevdiyim, müxtəlif toplantılarda çıxış edərkən içərimdən gələn səmimi bir istəklə adının əvvəlinə həmişə hökmən “əziz” kəlməsini əlavə etdiyim böyük alim və böyük də insan – akademik Akif Əlizadə elmi həyatını bu cür qətiyyən sadə olmayan məsələləri araşdırmağa, dünyanın təbaşir dövrünün gizlinclərini öyrənməyə həsr edib.

Bunlar arxeologiya elminin elə qəliz sahələridir ki, onları araşdırmaqçün elmin bir itiqamətindən xəbərdar olmaqla ciddi uğurlara çata bilməzsən.

Bu qəliz sahəyə girişməkçün gərək çoxcəhətli biliklər sahibi olasan, axtarışlardan usanmayasan, yolunu təzə başlayan tədqiqatçı kimi daim yeni-yenu mənbələri oxuyasan, öyrənəsən.

Bunlar elmin elə hündür nöqtələridir ki, orada alim millət, Vətən üçün deyil dünyadan, bəşəriyyətdən, böyük elmdən ötrü çalışır.

Əlbəttə, onun zəhmətləri könül açan bəhrələrlə nəticələnirsə, bundan millətə də, Vətənə də həm şöhrət, həm iftixar payı düşür.

Axı insanlığın, dünyanın on milyon illərlə uzaqlarda qalmış sirlərini açan bu alim bu xalqın, bu yurdun övladıdır.

Necə sevinməyəsən, necə öyünməyəsən!

Hələ 35 il əvvəl poleontologiya elmindəki xüsusi xidmətləri nəzərə alınaraq dəyərli Azərbaycan alimi Akif Əlizadənin adı həmin qədimdən qədim təbaşir dövrü belemnitlərinin bir ailəsinə, əskidən əski canlıların bir zümrəsinə verilib: “Akifibelidlər”!

2019-cu ilin 25 fevralında 85-yaşını tamamlayıb 86-sını başlayan akademik Akif Əlizadə gənclik şövqü ilə, qaynar həvəslə, işləmək, yaratmaq enerjisi ilə çağlayır.

Onun bunca uzun gəncliyi hər kəsdə xoş təəccüb, heyranlıq hissi oyadır və hərdən elə özü də bu barədə düşünür, cavab tapmağa çalışır.

Fikirləşir ki, axı ömür, içərisindən keçib gəldiyi zaman sadə olmayıb, yüz cür sıxıntıları, maneələri, müşkülləri, sərt döngələri də vardı, bəs necə oldu tale onu həmişə qorudu və XXI əsrin bu günlərinədək belə sağlam, gümrah, iş-gücdən qətiyyən yorulmamış halda gətirib çıxardı?

Ata babası Axund Ağa Əlizadə müqəddəs adam idi, Qafqaz Müsəlmanlarının 8-ci Şeyxülislamı olmuşdu .

Uşaqlığından o nurani şəxsiyyətin şəfqətini çox duymuşdu, yaxın tanıyanların əksəri də təsdiqləyirdi ki, Akif müəllim hər cəhətdən babasına bənzəyir.

Kiçikkən tez-tez İçəri şəhərə, digər yaxın qohumları Mir Möhsün ağagilə gedərdilər.

“Qucaqlardı, sığallardı, oxşayardı bizi, buraxmaq istəməzdi”.

Ömrün bu çağında Akif məllim ehtimal edir ki, bəlkə onların işığı, onlardakı ilahi güc, onların məhəbbəti illər boyu qoruyub, hayan olub mənə?

Bəlkə də məhz ondandır, istisna etmirəm!

Amma mən ha çox buna inanıram ki, akademik Akif Əlizadəni, bu qiymətli azərbaycanlını uzun onillərin sınaqlarından mətin, alnıaçıq,üzüağ, başıuca, qüvvətlə, inamla, ümidlə dolu halda çıxaran ilk növbədə onun insani dürüstlüyü, daxili saflığı, məsləkinə bağlılığı, riyadan uzaqlığı, əməksevərliyi, sədaqəti, mərdliyi olub.

Bu qədər nəcibliklərinin müqabilində həyatın da ona bir mükafatı olmalı idi axı!

Rafael Hüseynov, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015