AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Görkəmli alim, müdrik şəxsiyyət - Arif Paşayev - 85
Fev 11, 2019 | 10:27 / Yeni nəşrlər
Oxunub 2612 dəfə

Kamillik anı

İnsan kainatın sirlərinə elmin gücü ilə vaqif olur. Bəşəriyyət dünyanı hər gün addım-addım irəli aparan inkişaf proseslərinə görə alimlərə borcludur. Müasir həyatımızın tərəqqi mənzərəsi onların fədakar zəhmətinin, elmi kəşflərinin nəticəsidir.

Nə qədər qəribə səslənsə də, cəmiyyət bu zəhməti, dövrün texnoloji möcüzələri arxasından boylanan alim obrazının əzəmətini bəzən tam aydınlığı ilə görə bilmir.

Müasir dövrün insanı modern təyyarələrə əyləşib cəmi bir neçə saat ərzində dünyanın bu başından o biri başına yetişir. Yazdığımız məktub internetin köməyi ilə saniyələr sonra ünvanına çatır. Mobil texnologiyalar, az qala, bütün dünyanı əlimizdəki balaca bir cihazın ekranına sığdırır. Təkmil tibbi cihazların, yeni dərman vasitələrinin imkanları hesabına hər gün Yer üzünün müxtəlif məkanlarında minlərlə insan ölümün cəngindən qurtulur.

Fərd olaraq hər birimiz bu imkanlardan bəhrələnirik. Onları yaradanlara “əhsən” deyirik. Amma bəzən heç fərqində belə olmuruq ki, bütün bunlar alimlərin on illərlə laboratoriyalarda, yazı masaları arxasında, kitabxanalarda şam kimi əriyən ömrünün işığıdır. Yüz illər ərzində bir alim nəslinin digərinə ötürdüyü nəzəri-təcrübi tədqiqatların, eksperimentlərin, irəli sürülən elmi nəzəriyyələrin uğurudur.

Biz alimləri digər sənət sahələrinin məşhur simaları qədər tez-tez görə bilmirik. Çünki böyük mənada elm şəxslərdən daha çox, əsl alimlərin ortaya qoyduqları əməklə, o əməyin nəticələri ilə ifadə olunmağı, görünməyi sevir. Ona görə də alimlik bir mənəvi missiyadır. Bu missiya ilə yola çıxmış bir gənci yalnız şan-şöhrət, ad-san, məşhurluq, vəzifə, status, maddi sərvətlər maraqlandıracaqsa, o, elmə ciddi bir töhfə verə bilməyəcək. Ola bilər ki, alim imici arxasında can atdıqlarının çoxuna çatsın, amma əgər söhbət hüdudsuz elm dəryasının bir damlasına çevrilməkdən, öz elmi irsi ilə gələcək alim nəsli üçün yeni istiqamətlər açmaqdan gedirsə, bu ülvi niyyətə yetişə bilməyəcək.

Yol

Hələ elm qapısının kandarında ikən ona ən çox əyan olan həqiqət məhz bu idi. Zəmanəsinin görkəmli ədəbiyyatşünas alimlərindən birinin, əsərləri böyük oxucu sevgisi qazanmış məşhur yazıçının ailəsində dünyaya gəlmişdi. Əsl alim zəhmətinin nə olduğunu, kağız-qələmlə baş-başa dirigözlü açılan səhərlərin yalnız mənəvi qazanc gətirdiyini, maddi faydalarınınsa şəxsi mənada bundan qat-qat az, çox cüzi olduğunu yaxşı bilirdi. Amma bu yol onu maqnit kimi sövq-təbii şəkildə özünə çəkirdi. Elm onun şüurlu seçimi idi. Bu yola doğru ilk addımlarını atarkən, o, gələcək elmi kəşflərdən, elmə verəcəyi töhfələrdən başqa heç nə gözləmirdi. Yolun davamında gördükləri ən çox bunlar idi.

Və bu nəticələrə mümkün qədər tez çatmağa can atırdı. 

Öz istiqamətini də atasının sahəsindən tamam fərqli bir səmtə çevirmişdi ki, burada məhz özü ola bilsin, onu hamı özü kimi tanısın. Üzərinə kiminsə kölgəsi düşməsin. Böyük elm yolunda onunla eyni məramı, dəyərləri paylaşan gənc fiziklərlə birgə addımlasın. Atasının adına, doğulub böyüdüyü ocağa layiq övlad olduğunu bu yolda əldə etdiyi nailiyyətlərlə təsdiqləsin.

... Onda dünyanın hər yerində dəqiq elmlərə maraq göstərən gənclər arasında fizikaya xüsusi bir vurğunluq vardı. İkinci Dünya müharibəsindən sonra hər yerdə elmi-texniki tərəqqinin ilk işartıları görünməyə başlamışdı. Cəmi bir neçə il əvvələ qədər az qala bir-birini qırıb bitirəcək bəşəriyyət elmə tapınırdı. İnsan övladı anlayırdı ki, dünyanın bu günü də, gələcəyi də ancaq elmdədir. O cəmiyyətlər irəli gedəcəklər ki, nicatını yalnız elmdə axtarmış olsunlar. Bu həqiqəti dərk edən bir çox gənc həmkarları kimi o da, fizikanın gücü ilə dünyanı dəyişdirə biləcəklərinə inanırdı.

Yola tanınmış Azərbaycan yazıçısı, görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin və əsilli-nəcabətli Püstə xanımın oğlu kimi çıxmışdı. Bir neçə ildən sonra artıq onu elmi-ictimai çevrələrdə hər kəs öz adı ilə tanıyırdı: akademik Arif Paşayev. 

Sınaqlar az olmadı 

Bu adın qərar tutduğu zirvəyə qədər yaşanmış ömrün üzləşdiyi sınaqlar az olmadı. Amma bu sınaqlardan mətinliklə çıxmağı bacardı.

Uşaqlığı çox çətin illərə düşmüşdü. 1941-1951-ci illərdə, müharibənin insanları minbir məşəqqətlə üz-üzə qoyduğu zamanlarda Bakı şəhərindəki 164 saylı orta məktəbdə keçən şagirdlik dövründə kitablardakı, müəllimlərin izahlarındakı dərslərdən əlavə, onu bir ömür boyu izləyəcək böyük həyat dərsi də almışdı. Bu dərsin aşıladığı əsas keyfiyyətlər dürüstlük, vicdan, ədalət, məsuliyyət, xeyirxahlıq, məqsədyönlülük idi.

1951-ci ildə orta təhsilini başa vurub gələcək arzularının dalınca Bakıdan çox-çox uzaqlara - Moskvaya üz tutdu. Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi kimi uşaqlıqdan könül verdiyi fizika elminin dərinliklərinə vaqif olduqca, qarşıda onu nə qədər ağır zəhmətin gözlədiyinin fərqində idi. Ona görə də gecə-gündüz oxuyurdu. Bir göz qırpımında keçən tələbəlik həyatından mümkün qədər səmərəli istifadə etməyə can atırdı. Bakıda ona görə nigaranlıq keçirən, ondan böyük gözləntiləri olan doğmaları qarşısında məsuliyyət hissini bir an belə unutmurdu.

Moskvada tələbə ikən atasına göndərdiyi məktublar hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Mir Cəlala həsr olunmuş guşəsində qorunur. Filologiya elmləri doktoru, akademik Rafael Hüseynov bir neçə il əvvəl tədqiqatçı marağı ilə bu məktubları araşdırmışdı. Həmin məktublardakı sətirlərə, onların ata-oğul münasibətlərinə istinadən belə bir qənaətini bölüşmüşdü ki, o köhnə nəsil, xüsusən ziyalı ailələr övladlarına münasibətdə daha tələbkar, daha ciddi, daha məsuliyyətli idilər. “Mir Cəlal universitet professoru idi və o dövr üçün kifayət qədər yüksək məvacib alırdı, yazıçı idi, vaxtaşırı əsərləri nəşr edilirdi, qonorarlar gəlirdi.

Amma macal verməyiblər uşaqlar ərköyünləşsin, övladları aza qane olmağa, israfçılıqdan aralı dayanmağa alışdırmışdılar. Ailə tərbiyəsi necə mükəmməl qurulmuşdusa, hətta kənar şəhərdə olanda belə uşaqlar ata-ana nəzarətini hiss edirdilər.

Arif tələbədir, Moskvadadır, həm, yəqin ki, valideynlərinin dönə-dönə xəbərdarlıqları nəticəsində, həm də elə öz fəhmiylə anlayır ki, Bakıda evdəkilər ən çox nədən narahat ola bilərlər.

Nigaran qalarlar ki, özünü soyuğa verə bilər, nigaran qalarlar ki, nəhəng, gözəl Moskvadakı asudəliyi nə şəkildəsə dərslərinə təsir edər və bu qəbil şeylər.

Özü bunların yada salınmasından öncə Bakıdakıları sakitləşdirir: “Moskvada bu gün qar yağmağa başlayıb. Mən özümə 900 manata bir palto almışam. Sizdən xahiş edirəm, nigaran qalmayın. Siz elə bilməyin mən çox gəzirəm. Xeyr! Dərslər çətinləşir, ona görə də başqa işlərlə məşğul olmağa vaxt yoxdur”.

Xatirə olaraq qalsın deyə şəkillər çəkmək istəyir və ailədən indiki bir çoxları kimi tələb yox, ehtiyatla, sanki bir az da özünə haqq qazandırmağa çalışaraq xahiş edir: “Fotoaparatı yollayın. Çox xahiş edirəm, elə bilməyin gəzmək üçün. Narahat olmayın ki, bu mənim dərslərimə mane ola bilər. Moskvada adam soyuqdan bilmir başını harada gizlətsin”.

Bu sətirlər 60 ildən də bir az əvvəl yazılıb. Ancaq o sətirlərin içində bugünün gəncliyinə də, valideynlərinə də görk olan təfərrüatlar, incə işarələr var. O tərbiyənin, övlada o cür güzəştsiz məhəbbətin, övladların da o sayaq sözəbaxan, başıaşağı, intizamlı olmasının nəticəsidir ki, sadə bir tələbə qarşısına qoyduğu bütün məqsədlərə çatdı və adını dünyanın elm tarixinə həkk etdi.  

Öz məktəbi olan alim

Onu elmi titullar, dərəcələr o qədər də maraqlandırmırdı. Əsas niyyəti bütün həyatını elmə həsr etmək, öz sahəsinin əsl bilicisinə çevrilmək idi. Bu istəklə Moskva Elektrotexnika Rabitə İnstitutundan başlanan tələbəlik həyatı Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdi. 1957-ci ildə buradan məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda fəaliyyətə başladı. Gənc radiofizik seçdiyi elm sahəsində gedən prosesləri, dövrün inkişaf meyllərini diqqətlə izləyirdi. Görürdü ki, yarımkeçiricilər fizikası elm və texnikanın bir çox sahələrinə sirayət etməkdədir.

Bu elmi istiqamətin perspektivlərini nəzərə alaraq yarımkeçirici cihazlar və yarımkeçiricilər fizikasını əsas tədqiqat sahəsi kimi müəyyənləşdirdi. Bu məqsədlə 1960-1964-cü illərdə Moskvadakı Dövlət Nadir Metallar İnstitutunun (QİREDMET) aspiranturasında təhsil aldı. 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçirici materialların parametrlərinin kontaktsız ölçülməsi üçün üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi oldu. Bununla da gənc alimin sovet elmi mütəxəssisləri sırasında material və məmulatların elektromaqnit nəzarət üsullarının yaradılması prosesində yaxından iştirakı başlandı.

Elmi axtarışlarını uğurla davam etdirən Arif Paşayev 1978-ci ildə “Yarımkeçiricilərin zədəsiz üsullarla tədqiqatlarının fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını da müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görüldü.

Düşünürəm ki, əsl alimin iki ömrü olur. Bunlardan biri bütün insanlar kimi yaşadığı fiziki ömürdür. İkinci ömürsə, fiziki həyatından elmi-tədqiqat işlərinə ayırdığı illərdən ibarətdir. Arif Paşayevin də elektromaqnit nəzarət fizikasının və yarımkeçiricilərin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafı və tədqiqində yaşanmış alim ömrü 60 ildən çoxdur.

Akademik Arif Paşayev 2 elmi kəşfin, 25 müəlliflik şəhadətnaməsinin, 59 patentin, 800-dən çox elmi əsərin, 105 monoqrafiya, dərslik və dərs vəsaitinin, müəllifidir. Onun fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsəri xarici nüfuzlu jurnallarda çap olunmuşdur.

Rəhbərliyi altında 11 aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edib. Tədqiqat sahəsi üzrə 15 doktorluq dissertasiyasının məsləhətçisi olub. Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib. Təsadüfi deyil ki, akademik Arif Paşayev haqlı olaraq yüksək və ifratyüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatının fiziki əsaslarının yaradıcısı sayılır. Azərbaycanda bu elmi məktəbin banisi məhz odur.  

Uğurlar, nailiyyətlər: alim əməyinə verilən qiymət

Arif müəllimin elmi tədqiqatlara başladığı ilk illərdən irəli sürdüyü əsas prinsiplərdən biri fundamental fizikanın texnika ilə vəhdət şəklində inkişaf etdirilməsi idi. Bu xüsusda hər zaman deyirdi: “Nəzəri və eksperimental elmi nəticələr o zaman həyata vəsiqə alır ki, onlar praktikada istifadə olunur. Bu nəticələr sayəsində yeni fiziki hadisələrə əsaslanan cihazlar layihələndirilir, istehsal və tətbiq edilir”.

O, öz tədqiqatlarında bu prinsipə hər zaman əməl edirdi. Mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin monokristallarını alır, onların xassələrini tədqiq edərək prinsipcə yeni qanunauyğunluqlar və fiziki hadisələr aşkara çıxarmaqla kifayətlənmir, həm də onların əsasında müasir tələblərə cavab verən cihazlar yaratmaq məqsədilə təcrübi-konstruktor işləri görür və əldə etdiyi elmi tapıntılar yeni-yeni cihazların istehsalına vəsilə olurdu.

Elmi innovasiyaların ölkənin gələcək inkişafındakı rolunu düzgün dəyərləndirən ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə mikroelektronika sənayesinin sürətli inkişafa başladığı 70-ci illərdə Arif Paşayevin öz tədqiqatları ilə yaratdığı yeni nəzəri-təcrübi istiqamət tarixi əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, 1972-ci ilin sentyabrında Azərbaycanda rəsmi səfərdə olan, SSRİ Elmlər Akademiyasının Prezidenti, dünya şöhrətli alim Mıstislav Keldış məhz Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına təşrif buyurmuşdu.

“Avtonom hidroakustika informasiya sistemi”nin yaradılması sahəsindəki kompleks işlərinə görə 1991-ci ildə o, Azərbaycanın dövlət mükafatına layiq görüldü. Alim əməyinə verilən qiymət bununla məhdudlaşmırdı. Arif müəllimin ölçmə sistemləri, qurğu və cihazları bundan əvvəl və sonra da müxtəlif sərgilərdə birinci dərəcəli diplom, medal və mükafatlara layiq görülmüşdü. Hələ sovet dövründə bu sahədə ixtiralarına görə ona “SSRİ-nin ixtiraçısı” fəxri adı  verilmişdi. Kontaktsız nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı və praktikaya tətbiqi sahəsində gördüyü işlərə görə görkəmli alim Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının “Qızıl medalı” ilə təltif olunmuşdu. Belə bir nüfuzlu beynəlxalq mükafata layiq görülməsi böyük alimin elmi-texniki uğurlarının və nüfuzunun bütün dünyada tanınmasının əyani təcəssümüdür. Orasını da xüsusi qeyd edək ki, bu medalı Azərbaycana ilk dəfə məhz akademik Arif Paşayev gətirib.

Bundan əlavə, Arif Paşayev elm sahəsində qazandığı yüksək nailiyyətlərə görə Y.Məmmədəliyev adına Qızıl medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin Qızıl medalına layiq görülüb. Elm və təhsil sahəsindəki layiqli xidmətlərini nəzərə alaraq ona Beynəlxalq Elmlər Akademiyasının “Qızıl nişanı” təqdim olunub. Akademik “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının həyata keçirdiyi “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin də qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib. Bütün bunlarla yanaşı, Arif Paşayev Azərbaycan elmini dünyada layiqincə təmsil etdiyinə görə Beynəlxalq Mühəndislik Akademiyasının yubiley Qızıl medalına, Ümumdünya Sülh Şurasının “Dünyanın səfiri” beynəlxalq diplomuna, Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru adına layiq görülüb.

Azərbaycan elminin, təhsilinin inkişafında müstəsna xidmətləri olan akademik bu xidmətlərinə görə Azərbaycan Respublikasının yüksək dövlət mükafatları - “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə də təltif edilib.

O, müxtəlif elmi qurumlarda da təmsil olunur. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvüdür. AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədridir. Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Alim beynəlxalq elmi çevrələrdə də böyük nüfuz sahibidir. Arif Paşayevin Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının, Beynəlxalq Elmlər  Akademiyasının, Beynəlxalq İnformatlaşdırma Akademiyasının, Beynəlxalq Kosmonavtika Akademiyasının həqiqi üzvü olması qlobal akademik dairələrin Azərbaycan aliminə olan yüksək münasibətinin, onun əldə etdiyi elmi nailiyyətlərin miqyasının təzahürüdür.

Akademik Arif Paşayev Milli Aviasiya Akademiyası nəzdində dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış Şuranın sədri, Milli Aviasiya Akademiyası “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” elmi-populyar jurnalının, Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri jurnalının baş redaktorudur, Azərbaycan Respublikası Nazirlər Komitəsi yanında Kosmik məsələlər üzrə şuranın sədri, Azərbaycan Mühəndislik Akademiyasının prezidentidir.  

Təhsil təşkilatçısı: Milli Aviasiya Akademiyasının rektoru

Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etmiş və elmi tədqiqat işlərindən əlavə, bacarıqlı elm meneceri olduğunu da dəfələrlə sübuta yetirmişdi. Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində o, hər zaman xüsusi fəallıq göstərirdi. Bu bacarığını nəzərə alaraq 1996-cı ildə dövlət onun qarşısında daha bir mühüm vəzifə müəyyənləşdirdi. Arif Paşayev Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə təyin edildi.

Akademiyanın müasir inkişaf səviyyəsini, maddi-texniki bazasını, region ali məktəbləri arasındakı nüfuzunu, hazırladığı ixtisaslı kadrların peşəkarlığını nəzərə alaraq bu ali təhsil qurumunun adı indi çox yüksək səslənir. Amma Arif müəllim bu vəzifəyə təyinat alanda Milli Aviasiya Akademiyası təxminən texniki peşə məktəbi səviyyəsində tədris müəssisəsi idi. Bu gün isə Azərbaycan Milli Aviasiya Akademiyasının regionun ən mötəbər ali təhsil müəssisələrindən biri olduğunu qeyd etməyən yoxdur. Çoxları isə bu yüksək nailiyyətin necə gərgin zəhmət bahasına əldə olunmasından bəlkə də xəbərsizdir.

Məhz Arif Paşayevin gərgin əməyi sayəsində 1996-cı ildən sonra qısa vaxt ərzində Milli Aviasiya Akademiyasında intensiv inkişaf dövrü başlandı. Akademiyanın maddi-texniki bazası gücləndirildi. Burada dərslərin Azərbaycan dilində keçirilməsi üçün ilk növbədə ana dilimizdə dərsliklər, əyani vəsaitlər yaradıldı. Tədris prosesində informasiya-kommunikasiya texnologiyaları tətbiq edildi. Yeni kompüter sinifləri açıldı. Zəngin elektron kitabxana tələbə və müəllim heyətinin istifadəsinə verildi. Müasir elektron dərsliklər, o cümlədən, multimedia öyrədici proqramlar hazırlandı. Tələbə və müəllimlərə dünyanın məşhur kitabxanalarına çıxış imkanları yaradıldı. Respublikamızda ilk dəfə olaraq bütün fənlər üzrə semestr imtahanlarının informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə test üsulu ilə bu ali təhsil müəssisəsində götürülməsi də milli təhsil tariximizin Milli Aviasiya Akademiyası ilə bağlı maraqlı faktıdır. 

Beləliklə, akademik Arif Paşayev zəhməti, yüksək təşkilatçılıq qabiliyyəti, ən əsası isə vətənpərvərliyi, ziyalı kimi mənəvi dəyərlərə sadiqliyi bu müəssisəni müasir, Avropa tipli universitet səviyyəsinə yüksəltdi. O, öz geniş erudisiyası və dünyagörüşünün gücü ilə burada təhsil prosesini düzgün istiqamətləndirdi. Akademiya milli aviasiyamız üçün yüksək hazırlığa malik ixtisaslı kadrların hazırlanmasına nail oldu. Bununla da ölkəmizin xaricdə böyük vəsaitlər hesabına mütəxəssislər hazırlamaq və ya başqa ölkələrdən xarici mütəxəssislər dəvət etmək ehtiyacı aradan qalxdı.  

Ustad

Müxtəlif beynəlxalq aviaşirkətlərə aid təyyarələrdə uçuş təcrübəsi yaşamış hər kəs təsdiqləyə bilər ki, Azərbaycan pilotları öz səriştələrinə, mürəkkəb hava gəmilərini peşəkar tərzdə idarəetmə təcrübələrinə, sərnişinlərdə yaratdıqları təhlükəsizlik, rahatlıq və məmnuniyyət duyğusuna görə dünyanın ən yaxşıları sırasındadırlar. Bu peşəkarlığı hiss edəndə, təyyarənin şturvalı arxasındakı milli simalı, milli ad-soyadlı, ana dilimizdə danışan gənc şahinləri görəndə adamın köksü qürur hissi ilə dolur. Və həyatımızı əminliklə etibar etdiyimiz bu işıqlı gəncləri belə peşəkar şəkildə yetişdirmiş, onların aydın çöhrəsinə öz ziyalı simasından, intellektindən, əxlaq və mənəviyyatından nur payı vermiş ustada - akademik Arif Paşayevə minnətdarlıq duyğusu baş qaldırır. 

Azərbaycan Milli Aviasiya Akademiyası bu gün bütün dünyada tanınan ali təhsil müəssisələrimizdəndir. Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə akademiya “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələri siyahısına daxil edilib. Təhsil sistemində Avropa standartlarına uyğun göstərdiyi yüksək xidmətlərə görə 2008-ci ildə Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyası, Oksford Energetika İnstitutu və Avropa Rektorlar Klubu tərəfindən təşkil olunmuş biznes, elm və incəsənət sahəsində liderlərin Oksford sammitində Milli Aviasiya Akademiyası “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görülüb. 

Akademiyada yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, elmi tədqiqatların aparılmasından ötrü də hər cür şərait yaradılıb. Təhsil müəssisəsi nəzdində aviasiya sahəsinin müasir texniki problemlərini həll etməyə imkan verən elmi-tədqiqat institutu, xüsusi konstruktor bürosu və təcrübi istehsalat sahəsi fəaliyyət göstərir. Pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılması və s. Milli Aviasiya Akademiyasının elmi fəaliyyətinin əsas istiqamətlərindəndir. Bütün bunlar sözügedən təhsil müəssisəsinin akademik Arif Paşayevin rəhbərliyi sayəsində müasir qərb modelli təlim-tədris mərkəzinə çevrildiyini göstərir, burada müasir dövr üçün çox vacib olan “təhsil-elm-istehsalat” silsiləsinin qurulduğunu əks etdirir.  

Faydalı olmaq 

2005-ci ildə isə akademik Arif Paşayevin rəhbərliyi ilə innovativ inkişaf dövründə ölkəmizin bu günü və gələcəyi üçün mühüm əhəmiyyət daşıyan daha bir təsisat formalaşdırıldı. Azərbaycan Mühəndislik Akademiyasının (AMA) əsası qoyuldu. Bu Akademiyanın başlıca fəaliyyət istiqamətləri ölkənin alim və mühəndislərinin yaradıcılıq imkanlarının təmin edilməsindən, mühəndislik fəaliyyəti sahəsində intellektual potensialın artırılması və səmərəli istifadə olunmasından, çox mühüm və perspektivli tədqiqat və innovasiya proqramlarının işlənib hazırlanmasından, onların həyata keçirilməsinə kömək göstərilməsindən, Azərbaycan iqtisadiyyatında elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən prinsipcə yeni texnika, texnologiya və material növlərinin fundamental elmlərin nailiyyətləri əsasında yaradılmasından və tətbiqindən ibarətdir.

Ötən 14 il ərzində AMA mühəndislərin və alimlərin peşə birliyini fəal şəkildə dəstəkləyib. Elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına kömək göstərib. Həmçinin, ekspertizaların aparılmasında tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım göstərib. AMA müstəqil elmi-texniki təşkilat olaraq qısa müddət ərzində ölkəmizdə fəaliyyət göstərən aparıcı mühəndis və ekspertləri birləşdirən nüfuzlu bir quruma çevrilib.

Akademiyanın əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmiz üçün müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq yerli elm, texnologiya və innovasiya potensialının inkişafına yönəlib. Bu baxımdan Mühəndislik Akademiyası müvafiq qurumlarla fəal əməkdaşlıq şəraitində öz elmi-texniki, texnoloji və layihə işlərini müxtəlif sahələrdə istehsalata uğurla tətbiq edir. AMA-nın üzvləri ölkəmizin ali məktəblərində təhsilin, keyfiyyətin idarə olunması, o cümlədən, yüksək ixtisaslı mühəndis yönümlü mütəxəssislərin hazırlanmasında da faydalı olmağa çalışırlar. Azərbaycanda alim və mühəndisləri bir araya gətirən belə bir qurumun uğurla fəaliyyəti də, bu çərçivədə yerinə yetirilən layihələr də təbii ki, akademik Arif Paşayevin zəhmətinin, alim kimi şəxsi nüfuzunun bəhrəsidir. O, belə təşəbbüslərlə cəmiyyətimizə fayda verməyə çalışır.

İşığın davamı 

Hələ böyük elmin kandarında ikən onun enişli-yoxuşlu yollarında öz adı ilə tanınmaq arzusunu xatırlamışdıq. Bu arzu, niyyət, prinsipiallıq uzaq cənub şəhərindəki doğmalarından ayrılıb bilgi dalınca Moskvaya yollanmış gənci kamil şəxsiyyətə, dünyanın nüfuzlu alimlərindən birinə çevirdi. Hamı onu akademik Arif Paşayev kimi tanıdı. Hətta öz uğurları ilə cığır açdı. Mir Cəlal ailəsinin ikinci övladı Hafiz Paşayev də onun kimi fizikanı seçdi. Hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın görkəmli fiziklərindən biri kimi tanındı. Uzun illər ölkəmizi səfir statusunda uzaq Amerikada şərəflə təmsil etdi. Bu gün Hafiz müəllimin rəhbərliyi ilə Azərbaycanda ADA universiteti kimi beynəlxalq standartlara tam uyğun ali təhsil müəssisəsinin fəaliyyəti, ADA-nın ölkəmizin təhsil brendi kimi bütün dünyada tanınması Mir Cəlal ocağından çıxmış ziyalıların Vətən sevgisinin, Azərbaycan qarşısındakı məsuliyyət duyğusunun, ailə ocağından gələn mənəvi-əxlaqi keyfiyyətlərin ifadəsidir.

Mir Cəlal ailəsinin digər üzvü, çox əfsus ki, həyatdan bivaxt getmiş Aqil Paşayev də sayılıb-seçilən şəxsiyyətlərimizdən idi. Uzun illər Azərbaycan Həmkarlar İttifaqı Təşkilatında məsul vəzifələrdə çalışmışdı. Son dərəcə səmimi, xeyirxah, istiqanlı bir insan kimi xatirəsi onu tanıyanların qəlbində əbədi yaşamaqdadır. Bu ocaqdan çıxmış başqa övladlar - Elmira və Ədibə Paşayeva bacıları isə atalarının yolu ilə gedərək ömürlərini müəllimlik fəaliyyətinə həsr ediblər. Çox yaxından tanıdığım Elmira xanım Paşayeva hazırda Musiqi Kollecində çalışır. Respublikamızın “Əməkdar müəllimi”dir.

Bakı Dövlət Universitetində uzun illər bir yerdə çalışdığım professor Ədibə Paşayeva isə təbiətən çox sadə, təvazökar olmaqla yanaşı, üzərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşan, tanınmış filoloq alimlərimizdəndir. BDU-nun filologiya fakültəsinin aparıcı alim-pedaqoqlarından biri kimi müəllimlərin də, tələbələrin də sevimlisidir.

Öz zəkalarının gücü, alın təri, göz nuru ilə əldə etdikləri bütün yüksək titullara, elmdə, ölkənin ictimai-siyasi həyatında məşhurlaşan öz adlarına, soylarına rəğmən mənəvi müstəvidə onlar yenə də Mir Cəlalın övladları, bu mənəvi titulun ehtiva etdiyi dəyərlərin daşıyıcısı olaraq qaldılar.

Mir Cəlal müəllim həmişə deyərmiş ki, mənim ən gözəl əsərim ailəmdir. Görkəmli ədibin bu əminliyi öz övladlarına verdiyi tərbiyənin düzgünlüyündən, onlara aşıladığı mənəvi keyfiyyətlərdən, ən əsası isə övladlarının gələcəyinə, cəmiyyət üçün nə qədər faydalı insanlar olacaqlarına inamından gəlirmiş. O, bilirmiş ki, ən mükəmməl əsərlərində təlqin etdiyi ideyalar öz övladlarının həyat və şəxsiyyətində yaşayacaq. Onlar öz əməlləri ilə, daşıdıqları keyfiyyətlərlə bu ideyalar işığında insanlıq üçün bir görk formalaşdıracaqlar. Övladları bu inamı, əminliyi bir ömür boyu doğrultdular.

Və Arif müəllim bu mənada çox xoşbəxt insandır ki, eyni dəyərlər onun mərhum həyat yoldaşı, Azərbaycanın daha bir görkəmli alimi, professor Aida xanım İmanquliyeva ilə birlikdə böyüdüb boya-başa çatdırdığı övladlarının - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın şəxsiyyətində, əməllərində də yaşayır, davam edir, nümunə yaradır, Vətənin abadlığına, cəmiyyətin mənəvi tərbiyəsinə xidmət göstərir.

Mehriban xanım Əliyevanın milli dövlətçiliyimizə verdiyi zəngin töhfələrlə Azərbaycanın müasir tarixində oynadığı rol, uğurla reallaşdırdığı beynəlxalq humanitar təşəbbüslər, dünyada sülhün, tolerantlığın, mədəniyyətlərarası dialoqun bərqərar olması, bəşəriyyətin xeyirxahlıq, mərhəmət kimi ali duyğulara tapınması üçün çəkdiyi zəhmət, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və bütün dünyada təbliği naminə göstərdiyi fədakarlıq bu ocaqdan düşən işıqdır.

Mir Cəlal düşüncəsinin, Arif Paşayev elminin, Aida İmanquliyeva dəyərlərinin Heydər Əliyev ideyaları ilə bir insanın simasında qovuşaraq Azərbaycanın gələcəyinə bələdçilik etməsidir. Azərbaycana xidmətdə hər zaman Mehriban xanımın yanında olan, ona kömək göstərən, bütün imkanlardan istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan cəmiyyətinə, Azərbaycan insanına fayda verməyə çalışan övladları Leylanın, Arzunun öz nəcib işləri ilə yaratdıqları nümunələr bu işığın davamıdır.

Bu gün əldə silah Vətənin təhlükəsizliyi keşiyində dayanmış əsgər Heydər Əliyevin qətiyyəti bu ailə ocaqlarından gələn sağlam mənəvi ruhun gücüdür.

Akademik Arif Paşayev bu ilin 15 fevralında ömrün 85-ci zirvəsini fəth edir. Bilirəm ki, insan müdrikliyinin yaşı yoxdur. İnsan bu məqama yaşı ard-arda sıralayan rəqəmlər hesabına deyil, dünyaya ucalıqlardan baxışı, bəsirət gözünün açıqlığı sayəsində çatır. Bu baxımdan Arif müəllim lap çoxdan müdriklik məqamının sahibidir. Bu məqamda şərəflə yaşanmış 85 illik ömrün həyat təcrübəsi, illərin xatirələri, zəngin bilikləri, başqalarına edilmiş saysız-hesabsız yaxşılıqların ruhani məmnuniyyət hissi üst-üstə toplandıqda isə bu məqam artıq kamillik adlanır.

Arif Paşayev də bir ömürlük savab əməllərinə görə həyatın kamillik məqamı ilə mükafatlandırdığı şəxsiyyətdir. O, bu məqamda da yaşayır, yaradır, fayda verir, taleyin bu ilahi mükafatını yeni nəcib işləri doğruldur. Biz də Arif müəllimə uzun ömür, möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Misir Mərdanov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor 

"525-ci qəzet"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015