AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Akademik Rasim Əliquliyev elektron elmin inkişafına dair bir sıra təkliflər irəli sürüb
Yan 17, 2019 | 14:05 / Konfranslar, iclaslar
Oxunub 1639 dəfə

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında ölkəmizdə e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dövlət dəstəyi, İKT-nin sürətli inkişafı və onun digər sahələrlə yanaşı, elmdə də tətbiqi elektron elmin formalaşdırılmasının sürətləndirilməsini zəruri edir.

R.Əliquliyev e-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərini diqqətə çatdırıb.

Akademik-katib, həmçinin Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən  təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsi haqqında danışıb.

Alim e-elmin texnoloji platforması olan AzScienceNet Elm Kompüter Şəbəkəsinin imkanlarından bəhs edərək bildirib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı İnternet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü və EaPConnect (Şərq tərəfdaşlığı üzrə regional elm şəbəkəsi) layihəsinin tərəfdaşı kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

Məruzəçi AMEA üzrə e-elmin əsas indikatorlarından da danışıb, Akademiya üzrə korporativ e-poçt sisteminin yaradıldığını, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və problemlər üzrə elmi Şuraların veb-saytlarının hazırlandığını, distant tədris, Rəyasət Heyətinin iclaslarının, həmçinin ElmTV-nin on-line yayımının həyata keçirildiyini qeyd edib.

Akademik R.Əliquliyev rəhbərlik etdiyi institutun Tədris-İnnovasiya Mərkəzində son illər ərzində 20 minə yaxın elektron-tədqiqatçının hazırlandığını, AMEA üzrə Viki Mərkəz və Viki qrupların fəaliyyət gəstərdiyini diqqətə çatdırıb. Alim, həmçinin Milli  GRİD Mərkəzinin Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzlərinə, AzScienceNet şəbəkəsinin isə, GEANT şəbəkə infrastrukturuna inteqrasiyası istiqamətlərində işlərin görüldüyünü, AzScienceNet şəbəkəsi və Azərbaycan Təhsil Şəbəkəsi olan AzEduNet arasında əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. Həmçinin AMEA üzrə İnternet istifadəçilərin sayının və  İnternet trafikin inkişaf dinamikasını da təqdim edib.

Sonda R.Əliquliyev e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifə və problemlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. Məruzəçi, bunlarla yanaşı, qeyd edib ki, GEANT-a inteqrasiyanın sürətləndirilməsi və virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının onlayn yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də, e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zəruriyyəti qarşıda duran  vacib məsələlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015