RESPUBLİKA ELMİ                TƏDQİQATLARIN
ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
“Şah İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirildi
Okt 18, 2015 | 10:37 / Konfranslar, iclaslar
Oxunub 215 dəfə

Iyunun 20-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi: Tarixi diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli kitabın tarixi əhəmiyyətindən söz açdı. Bildirdi ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir: “Bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır”.

Bu məqalənin elmi-nəzəri əhəmiyyətindən söz açan İ.Həbibbəyli bildirdi ki, akademik R.Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan biridir: “Akademik Ramiz Mehdiyev hər zaman olduğu kimi, bu dəfə də son dərəcə dəqiq, uzaqgörən fikirləri ilə bizləri düşündürür. Məqalənin əhəmiyyətini yalnız Şah İsmayıl Səfəvi ilə məhdudlaşdırmaq düzgün deyil, həmçinin XVI əsrdə mənəvi varlığımızın aynası kimi dəyərləndirilməlidir”.

Akademik İsa Həbibbəyli qeyd etdi ki, təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur. Ümumilikdə nəşrdə 53 tarixi-diplomatik sənəd toplanmışdır. Onların 3-ü hökmdar fərmanı, 1-I fətva, 49-u isə müxtəlif məzmunlu məktublardır.

“Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olmuşdur. O, sözün əsil mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır”. Çıxışının sonunda akademik İsa Həbibbəyli bildirdi ki, bu nəfis tərtibatlı kitab Azərbaycan tarixşünaslığında I Şah İsmayıl mövzusu ətrafında illərdir hökm sürən ciddi problemlərdən bir qisminin həllinə qismən də olsa aydınlıq gətirəcəkdir.

Sonra akademik Vasim Məmmədəliyevin “Tarixi diplomatiklik və müasirlik” mövzusunda məruzəsi dinlənildi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Həsən Əlibəyli, tanınmış yazıçı-publisistOrxan Aras aktuallıq kəsb edən yeni nəşrin elmi əhəmiyyətini yüksək qiymətləndirdilər, bu istiqamətdə araşdırmaların Azərbaycanın dövlətçilik tarixi və salnaməsi üçün son dərəcə önəmli olduğunu söylədilər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015