AZƏRBAYCAN                RESPUBLİKASI
ELMİ TƏDQİQATLARIN ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir
Okt 18, 2015 | 22:26 / Konfranslar, iclaslar
Oxunub 2413 dəfə

İyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirildi.
Ulu Öndərin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirdi.
Akademik 1969-cu ilin tarixi avqust plenumunu xatırladaraq Ulu Öndərin məhz həmin tədbirdə respublikamızın sonrakı inkişaf proqramının tezislərini səsləndirdiyini diqqətə çatdırdı.
Bildirdi ki, məharət, iradə, böyük bilik, işgüzarlıqla çalışan ümummilli lider Heydər Əliyev öz ətrafında uğurlu bir komanda toplayaraq keçmiş ittifaq respublikaları arasında heç ilk onluqda belə yer ala bilməyən, geridə qalmış bir respublikanı qısa müddət ərzində irəliyə apararaq bəzi istehsal sahələri üzrə hətta birinci yerə qaldırmağa müvəffəq oldu.
Akademik Akif Əlizadə Ulu Öndərin kütləni, cəmiyyəti səfərbər etmək bacarığını xüsusi vurğulayaraq dahi şəxsiyyətin SSRİ kimi zamanında nəhəng bir dövlətin Siyasi Bürosunun üzvlüyünə yüksəlməsini, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsini dahi şəxsiyyətin siyasi fəaliyyətinin məntiqi nəticəsi olduğunu diqqətə çatdırdı.
AMEA rəhbəri ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra müstəqil Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətli inkişafına başlanıldığını, beynəlxalq müqavilələrə imza atmasını, dünya dövlətləri ilə bir sırada inamla irəlilədiyini vurğuladı.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən akademiya rəhbəri ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsil mühitində də inkişafa nail olunmasını müstəqil dövlətimizin prioritet istiqamətləri kimi müəyyən edilməsinin önəmindən ətraflı bəhs etdi.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik” mövzusunda məruzə ilə çıxış etdi. Əsas etibarilə XX əsrin sonları, XXI əsrin əvvəllərindən inkişafa qədəm qoymuş Azərbaycan dövlətinin möhkəm təməllərə malik olduğunu bildirən akademik İsa Həbibbəyli minilliklərlə çətin və şərəfli dövlətçilik ənənələri olan Azərbaycan dövlətinin keçdiyi tarixi inkişaf mərhələlərindən ətraflı danışdı. Hakimiyyətinin ilk illərində sadəcə xammal ölkəsi olan Azərbaycanı güclü istehsalçı respublikaya çevirməklə, xalqımızın milli mədəniyyətini bütün istiqamətlərdə inkişaf etdirməklə böyük dönüşün, möhkəm inkişafın özülünü qoyan Ulu Öndərin Azərbaycana rəhbərliyinin dövrlərini xarakterizə edən akademik İsa Həbibbəyli müxtəlif inkişaf mərhələlərindən əhatəli söhbət açdı.
Qeyd edildi ki, məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi və şəxsi iradəsi blokada şəraitində yaşayan Naxçıvanda iqtisadiyyatın dirçəldilməsinə səbəb olmuş, ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublika düşmən təcavüzündən qurtulmuş, həmçinin respublikamız bütün fəaliyyət istiqamətləri üzrə sürətli inkişafa qədəm qoymuşdur. İqtisadi və siyasi böhrandan uğurlu sıçrayış, nəhəng enerji layihələrinin həyata keçirilməsi, qloballaşan yeni dünya və inkişaf etmiş Avropa dəyərlərinin sintez edilərək onun ölkəmizdə tətbiqinin məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu nəzərə çarpdıran akademik bildirmişdir ki, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsində bu gün Azərbaycanın səsi dünyanın hər yerindən gəlir.
Akademik bildirmişdir ki, Prezident İlham Əliyev təməli Ümummilli Lider tərəfindən qoyulmuş iqtisadi və siyasi fəaliyyət strategiyasını uğurla davam etdirir.
Elmi konfransda AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun “Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan nefti”, Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Heydər Əliyev və Azərbaycanda alim qadınların inkişaf yolu” mövzularında məruzələri dinlənildi.
Sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və akademiyanın müxbir üzvü Rafiq Qasımov çıxış edərək Ulu Öndərlə bağlı unudulmaz xatirələrini bölüşdülər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015