ELMİ TƏDQİQATLARIN                ƏLAQƏLƏNDİRİLMƏSİ
ŞURASI
Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə haqqında ELAN
Fev 02, 2018 | 05:06
Oxunub ( 1363 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2018-ci il 31 yanvar tarixli 4/1 nömrəli qərarına əsasən, 2018-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilir.

Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib.

Müsabiqə AMEA Rəyasət Heyətinin 2015-ci il 18 fevral tarixli 6/2 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalara” uyğun keçirilir.

Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər martın 1-dək AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, otaq 502) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda irəli sürülmüş namizədin elmi fəaliyyəti haqqında ümumi məlumat, müsabiqəyə təqdim olunan elmi nailiyyətin elmi-praktik əhəmiyyəti barədə əsaslandırılmış ətraflı məlumat əksini tapmalıdır);

- namizədin elmi əsərlərinin təsdiq olunmuş siyahısı;

- kadr uçotu üzrə şəxsi vərəqə;

- 2 ədəd fotoşəkil (6x9 sm.);

- ali təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əlaqə telefonları.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə Nizami Gəncəvi adına Qızıl medala namizəd kimi irəli sürülməsinə yol verilmir.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Tel.: 492-59-45; e-mail: eti@science.az 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015